REGİONLAR
Salyanda pambıq sahəsinin 5 min hektarında suvarma işləri yekunlaşıb
Salyan, 30 iyun, Mahir Babayev, AZƏRTAC
Bu il Salyanda 7 min 555 hektar sahədə pambıq əkilib. Səpin kampaniyasını vaxtında başa çatdıran məhsul istehsalçıları hazırda pambıq sahələrində suvarma işləri aparırlar. Suvarmaya kimi bitki alaq otlarından təmizlənib, seyrəldilib, cərgələrarası kultivasiya çəkilib, dərmanlama işləri aparılıb. Bundan sonra isə suvarmaya start verilib.
Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ötən il 10 min ton pambıq istehsal edən salyanlı fermerlər cari ildə 10 min 400 ton məhsul istehsal etmək əzmi ilə çalışırlar. Səpin kampaniyasını vaxtında başa çatdıran rayon pambıqçıları birinci becərməni yekunlaşdırıb, hazırda tarlalarda suvarma işləri aparırlar. Torpaq mülkiyyətçiləri artıq 5 min hektar sahədə suvarma işlərini başa çatdırıblar.
Rayonun Parçaxalaç kənd sakini Miraslan Mirişov 30 ildən çoxdur ki, təsərrüfatla məşğul olur. Son illər dövlət tərəfindən pambıqçılığın inkişafına göstərilən diqqət və qayğı onun da bu sahəyə marağını artırıb. Bu il fermer əkin sahəsini genişləndirərək 80 hektara çatdırıb. “Bu sahə gəlirli olduğundan son illər mən də pambıq əkib-becərir və hər il becərdiyim sahənin hər hektarından 20-25 sentner məhsul toplayıram. Bu il əkin sahəsini 80 hektara çatdırmışam. Artıq sahənin 45 hektarını suvarmışam. 3-4 günə suvarma işini başa çatdıracağam”,- deyə fermer bildirib.
Pambıq sahələrində suvarma zamanı gölləməyə yol verilmir. Sudan qənaətlə istifadə olunur və sahələrin suvarılmasında heç bir çətinlik mövcud deyil.
Təsərrüfat sahiblərinin dediyinə görə bu il hər hektardan 25-30 sentner məhsul götürmək mümkün olacaq.