REGİONLAR
Salyanın Sarvan kənd tam orta məktəbində əsaslı təmir işləri başa çatıb
Salyan, 8 may, Mahir Babayev, AZƏRTAC
Təhsil Nazirliyi tərəfindən Salyanın Sarvan kənd tam orta məktəbində aparılan əsaslı təmir işləri başa çatıb. 1960-cı ildə tikilib istifadəyə verilən və 1974-cü ildə əlavə sinif otaqları ilə yeniləşdirilən təhsil ocağında 44 il ərzində bir dəfə də olsun əsaslı təmir işləri aparılmayıb. Bu da məktəbdə təhsilin yüksək səviyyədə təşkilində çətinlik yaradır, təhsil islahatı ilə bağlı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə mənfi təsir göstərirdi. Təhsil ocağında yaranmış çətinlik nəzərə alınaraq ötən ilin əvvəllərində məktəbdə əsaslı təmir işlərinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təmir zamanı məktəb binasının su, qaz, elektrik xətləri, dam örtüyü, qapı-pəncərələri və döşəməsi yenilənib, isitmə sistemi qurulub, sinif otaqları, fənn kabinələri, kitabxana, idman və akt zalları, dəhliz və digər yardımçı otaqlar demək olar ki, yenidən tikilib. Həmçinin təhsil ocağının ərazisi abadlaşdırılıb, burada futbol və voleybol meydançaları tikilib. Məktəb yeni inventar və texniki avadanlıqla təchiz olunub. Yaxın günlərdə məktəb binası tam yeniləşmiş vəziyyətdə müəllim və şagirdlərin istifadəsinə veriləcək.