MƏDƏNİYYƏT


Şamaxı bölgəsinə etnomusiqi ekspedisiyası təşkil olunub

Bakı, 20 iyul, AZƏRTAC

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) elm və yaradıcılıq işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə və BMA-nın elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadənin başçılığı ilə Azərbaycanın Şamaxı bölgəsinə ekspedisiya həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, ekspedisiya heyətində BMA-nın kafedra müdiri, filologiya üzrə elmlər doktoru, professor Tərlan Quliyevlə yanaşı, laboratoriyanın elmi işçiləri – Xalq artisti, dosent Zümrüd Məmmədova, dosent Ariz Abduləliyev, böyük elmi işçi Rauf Bəhmənli, Aynur Çələbiyeva, bəstəkar, doktorant İlahə İsrafilova və BMA-nın magistrantı Fərhad Ələkbərov yer alıb.

Ekspedisiya iştirakçıları ilə rayon Mədəniyyət mərkəzində regionun sənətkarları ilə görüş keçirilib.

Görüşdə iştirak edən AMEA-nın Folklor İnstitutunun əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Qaliboğlu Şamaxıda musiqi mədəniyyətinin inkişafı, Folklor İnstitutunun bu mövzuda apardığı araşdırmalar barədə danışıb, Şirvan bölgəsinin tanınmış zurna, balaban ifaçısı Əli Kərimovun fəaliyyətindən söz açaraq onun ifalarından ibarət CD diski və haqqında kitabı qonaqlara təqdim edib.

Aşıqlar Birliyinin Şirvan bölgəsi üzrə katibi, aşıq Ağamurad İsrafilov çıxışı zamanı aşıq sənətinin həm nəzəri, həm praktiki şəkildə bir çox məqamlarını nümayiş etdirib, ekspedisiya iştirakçılarının suallarını cavablandırıb. A.İsrafilovun yetirməsi Rza Məmmədovun ifasında “Güllü qafiyə”, “Şəmsiqəmər”, “Əli icadi” pişrovları, “Koroğlu” gözəlləməsi və s. nümunələr görüntüyə alınıb.

Yaddaqalan məqamlardan biri də Şamaxıda yaşayan göyçəli aşıq İxtiyar Qocayevin çıxışı olub. Səhnədə iki fərqli bölgə aşağının ifası ekspedisiya iştirakçılarında böyük maraq doğurub.

Ekspedisiya iştirakçıları Rasim Ələsgərov (balaban), Firudin Əkbərov (balaban), Antik Seyidov (nağara), Bəhruz Dadaşov (zurna, balaban), Şöhrət Əliyev (nağara), Rauf Fətəliyev (qoşanağara) kimi Şirvan bölgəsinin aparıcı sənətkarları ilə də yaxından tanış olublar, onların adlarını, ifalarını laboratoriyanın tədqiqat külliyyatına əlavə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.