CƏMİYYƏT
Şamaxıda qanunsuz ov edən şəxslər saxlanılıb
Bakı, 25 fevral, AZƏRTAC
Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun Kələxana kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı onların rayon sakinləri Kavus Şiralıyev və Hacı Məmmədov olduqları müəyyən edilib. Həmin şəxslərdən müvafiq sənədləri olmayan 2 ov tüfəngi, hər iki silaha məxsus 39 patron, eləcə də ovladıqları çöl quşları götürülüb.
Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində isə Qaleybuğurd kənd sakini Aqil Cəlilovdan qanunsuz olaraq saxladığı “Toz” markalı odlu silah aşkar olunaraq götürülüb.
Hər üç şəxs barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.