REGİONLAR
Şamaxıda taxıl sahələri yanıb
Şamaxı, 13 iyun, AZƏRTAC
İyunun 12-də saat 23:00 radələrində Şamaxı rayonunun Göylər kəndinin ərazisində təxminən 150 ailəyə (600 nəfərə) məxsus 60 hektar biçilməmiş, 100 hektar biçilmiş taxıl və 40 hektar otlaq sahəsində yanğın baş verib.
Şamaxı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Rayon İcra Hakimiyyəti tərəfindən hadisənin qarşısının alınması, yanğının ətraf kəndlərə və ərazilərə yayılmaması istiqamətində operativ tədbirlər həyata keçirilib.
Əraziyə Şamaxı, Qobustan, Hacıqabul, Ağsu, İsmayıllı və Kürdəmir rayonlarından yanğınsöndürmə texnikaları və Kənd Təsərrüfatı Nazirliyinin müvafiq texnikaları cəlb edilib. Yanğının bloklaşdırılması məqsədilə traktorlar vasitəsilə hadisə baş verən sahənin ətrafı şumlanıb, ətraf ərazilərə yayılmasının qarşısı tamamilə alınıb.
Yanğın iyunun 13-də saat 04.20 radələrində söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, yanğın baş verən ərazidə yerləşən 1,5 kilometr uzunluqda, 2 il bundan əvvəl relsləri sökülmüş köhnə dəmiryolu şpalları da qismən yanıb.
Yanğın nəticəsində dəymiş ziyan və hadisənin səbəbləri üzrə hazırda araşdırma aparılır.