REGİONLAR
Şamaxının Şəhriyar qəsəbəsinə yeni bulaq çəkilib
Şamaxı, 19 sentyabr, AZƏRTAC
Şamaxı rayonunun Şəhriyar qəsəbəsində yeni bulağın açılışı olub. Bulaq qəsəbə əhalisinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşəbbüsü ilə qazılan artezian quyusundan çəkilib.
AZƏRTAC xəbər verir ki, sentyabrın 19-da keçirilən açılış mərasimində rayon icra hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov sakinləri təbrik edib, bulağın əhalinin içməli suya olan tələbatının ödənilməsində əhəmiyyətindən danışıb.
Sonra Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni çıxış edərək forum tərəfindən həyata keçirilən sosial və digər layihələr barədə ətraflı məlumat verib.
Mərasimdə çıxış edən qəsəbə sakinləri, o cümlədən ağsaqqallar, ziyalılar yeni qazılan artezian quyusunun və bulağın içməli su təchizatı sahəsindəki mövcud çətinlikləri aradan qaldıracağını deyib, bu sahədə əməyi olanlara minnətdarlıqlarını bildiriblər.
Bulağa bu ilin iyul ayında suda boğularaq dünyasını dəyişən 3 nəfər qəsəbə sakininin şərəfinə “3 dost bulağı” adı verilib.