SİYASƏT


Şamil Ayrım: Türkiyə hər platformada Azərbaycanın yanındadır

İstanbul, 14 iyul, AZƏRTAC

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Türkiyə Böyük Millət Məclisində Ermənistan silahlı qüvvələrinin Ermənistan–Azərbaycan sərhədində törətdiyi təxribatla bağlı mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransında çıxış edən Ş.Ayrım son günlər Ermənistan–Azərbaycan sərhədində baş verən gərginlik barədə media nümayəndələrinə geniş açıqlama verib.

Bildirib ki, bu, Ermənistan tərəfindən baş verən ilk insident deyil. XXI əsrdə ermənilər dörd dəfə Azərbaycan türklərinə qarşı qətliam və soyqırımlar törədiblər: “1992-ci ildə Xocalıda 600-dən çox azərbaycanlı türkü qətlə yetirildi. Ermənistan ilə Azərbaycan arasında beynəlxalq təşkilatların iştirakı ilə 1994-cü ildə barışıq imzalanıb. Təəssüflər olsun ki, o vaxtdan indiyədək Ermənistan tərəfi ildə bir neçə dəfə sərhəddə təxribatlar törədir. Bunları qəbul etmək mümkün deyil. Bu müddət ərzində Azərbaycan iqtisadiyyatının inkişafı, sağlam idarəetmə tərzini nümayiş etdirməsi və dünyada nüfuzlu dövlətə çevrilməsi, eyni zamanda, Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olması erməniləri qıcıqlandırır”.

Bütün dünyanın pandemiya ilə mübarizə apardığı, BMT-nin Baş katibinin bütün dünyanı bu mövzuda əlbir olmağa çağırdığı bir vaxtda Ermənistan tərəfindən belə bir təxribatın törədilməsinin yolverilməz olduğunu vurğulayan Ş.Ayrım deyib: “2020-ci il martın 31-də Ermənistan Qarabağda qondarma “seçkilər” keçirib. Biz hamımız bilirik ki, bu seçkilər beynəlxalq birlik tərəfindən qəbul edilmədi. Buna baxmayaraq, “prezident andı” da içdilər, o da qəbul edilmədi. ATƏT-in Minsk qrupu bu seçkilərin heç bir əhəmiyyətinin olmaması ilə bağlı bəyanat yayıb.

Onlar bilməlidirlər ki, burada ən böyük zərbə Ermənistanın kasıb və bir çox xidmətlərdən məhrum xalqına dəyir. Əgər Ermənistan doğrudan da regionda dialoq tərəfdarı olsaydı, onlar bu gün tək qalmazdılar. Bu gün onlar Türkiyədə böyük layihələrdə iştirak edə bilərdilər. İndi ermənilərin gözü Türkiyə torpaqlarında, Ağrı Dağındadır. Biz Azərbaycanla münasibətlərin düzəlməsi ilə Türkiyə-Ermənistan sərhədinin açılacağını hələ 2009-cu ildə bildirmişik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da “Ermənilər işğal etdikləri Azərbaycan torpağını tərk etmədən sərhədləri açmağımız mümkün deyil” deyib. Türkiyə hər platformada Azərbaycanı dəstəkləyir. Xarici İşlər nazirimiz Mövlud Çavuşoğlu da bu hadisələrlə bağlı çıxışında “Biz hər zaman Azərbaycanın yanındayıq” açıqlamasını verdi. Bu məsələnin yeganə həlli yolu 30 ildir davam edən işğala son qoyulmasıdır”.

1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamənin olduğunu deyən sədr bildirib: “Bu qətnamələrə əsasən, Ermənistan Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında Ermənistan ordusu tərəfindən Azərbaycan ərazisinə hücumun olduğunu, lakin bir qarış torpaq ala bilmədiklərini dedi. Çünki Azərbaycanın çox güclü ordusu var. Türkiyə də bütün imkanları ilə Dağlıq Qarabağla bağlı haqlı davasında daim Azərbaycanın yanındadır. Ermənistanın təcavüzkar siyasətini şiddətlə qınayır və onları münaqişənin sülh yolu ilə həllinə dəvət edirik”.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.