İDMAN
Samir Məmmədov: Azərbaycanın Avropa və Olimpiya oyunlarının təşkilati işlərində çalışan peşəkar mütəxəssisləri yetişib
Minsk, 27 iyun, AZƏRTAC
Minskdə ikinci Avropa Oyunlarının təşkilati işlərində ilk gündən Azərbaycandan gələn mütəxəssislər də çalışırlar. Belarus dövləti onları 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarında həyata keçirdiyi uğurlu layihələrin Minskdə tətbiqi üçün dəvət edib və birgə işlər həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bunu ikinci Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə məsləhətçisi Samir Məmmədov Minskə ezam olunan azərbaycanlı jurnalistlərə müsahibəsində deyib.
Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunları başa çatan kimi ikinci Avropa Oyunlarının təşkilati işləri üçün Belarusdan dəvət aldığını vurğulayan S.Məmmədov bildirib: “Minsk 2019”un Əməliyyat Komitəsinin sədri Georgi Katulin ilə danışıqlardan sonra birgə hazırlıq işlərinə başladıq, gələcək strategiyanı və planlamanı hazırladıq. İlk gündən bütün departamentlər üzrə ekspert-konsultant kimi çalışıram. Mən gələndən sonra Azərbaycandan da mütəxəssislər dəvət etdim. Qürur hissi ilə deyə bilərəm ki, iki il ərzində çəkdiyimiz əziyyətin bəhrəsini bu gün görürük”.
S.Məmmədov Bakıda keçirilən ilk Avropa Oyunlarında qazandığı təcrübənin əhəmiyyətini xüsusi vurğulayıb: “Birinci Avropa Oyunlarında Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva intensiv olaraq problemlərlə maraqlanır, işçi qüvvəsi ilə görüşürdülər. Bu isə bizdə böyük ruh yüksəkliyi yaradırdı. Məhz bunun nəticəsidir ki, bu gün biz xarici ölkədə müxtəlif vəzifələrdə mütəxəssis kimi çalışırıq”.
Həmyerlimiz bildirib ki, Minskdə Avropa Olimpiya Komitəsinin ekspertləri ilə hər görüşdə onlar ilk Avropa Oyunlarının yüksək təşkilatçılığından danışırlar. Hazırda Avropa Oyunlarının Əməliyyat Komitəsində 6-7 azərbaycanlı mütəxəssisin çalışdığını deyən S.Məmmədov Minskdə çalışdıqları dövrdə onlara dəstək olan Gənclər və İdman naziri Azad Rəhimova, birinci Avropa Oyunlarının Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərova, azərbaycanlı və xarici həmkarlarına xüsusi təşəkkürünü bildirib: “Nəzərə alsaq ki, Avropa Oyunlarının bünövrəsi məhz Azərbaycanda qoyulub, demək ki, yazılmış qanunlar və strategiya var. Amma Minsk də bu Oyunlara özünəməxsusluğunu qata bilib. Məhz bir sıra məlumatların əldə olunmasında, istiqamətlərin müəyyənləşməsində onlardan aldığım informasiyalar əsasında yaranan və yarana biləcək təşkilati problemləri vaxtında aradan qaldırırıq. Onlar da sağ olsunlar ki, öz köməklərini əsirgəməyiblər”.
S.Məmmədov qeyd edib ki, ikinci Avropa Oyunları başa çatan kimi Bakıya qayıdıb, Avropa Gənclər XV Yay Olimpiya Festivalının təşkili işində çalışacaq: “Bununla bağlı dəvət almışam və yenidən Vətəndə çalışacağım üçün qürur hissi keçirirəm. Artıq Azərbaycanın Avropa və Olimpiya oyunlarının təşkilati işlərində çalışan peşəkar mütəxəssisləri yetişib”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk