CƏMİYYƏT
Sankt-Peterburqda “Birlikdə qazanılan böyük qələbə” mövzusunda beynəlxalq forum keçirilir
Sankt-Peterburq, 25 aprel, AZƏRTAC
Sankt-Peterburqda, B.Yeltsin adına Prezident Kitabxanasında Böyük Vətən müharibəsində Leninqradın nasist blokadasından tam azad olunmasının 75-ci ildönümünə həsr edilmiş “Birlikdə qazanılan böyük qələbə” mövzusunda beynəlxalq forum keçirilir.
AZƏRTAC xəbər verir ki, Avrasiya Tədqiqatları Fondu və “Şimal-Cənub” Politologiya Mərkəzinin MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə təşkil etdikləri foruma 250-dən çox iştirakçı, o cümlədən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyevin rəhbərliyi ilə geniş tərkibdə nümayəndə heyəti qatılıb.
Rusiya Prezidenti Vladimir Putin forum iştirakçılarına təbrik məktubu ünvanlayıb. Forumun plenar iclasında Sankt-Peterburqun qubernatoru vəzifəsini icra edən Aleksandr Beqlov, Rusiya Prezidentinin beynəlxalq humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və başqaları çıxış edərək keçmiş SSRİ respublikaları xalqlarının Böyük Vətən müharibəsində nümayiş etdirdikləri birlik və şücaətdən danışıblar. Plenar iclasdan sonra forum işini tematik sessiyalarda davam etdirir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Sankt-Peterburq