CƏMİYYƏT
Saxlanma və daşınma proseslərində qida təhlükəsizliyinin təmin olunması mövzusunda təlim aparılıb
Bakı, 31 yanvar, AZƏRTAC
Qida Təhlükəsizliyi İnstitutu tərəfindən qida təhlükəsizliyi sahəsi ilə bağlı olan sahibkarlıq subyektlərinin fəaliyyətinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə təlimlər keçirilir.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, növbəti nəzəri-praktiki təlim “Veysəloğlu” Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları üçün “Saxlanma və daşınma proseslərində qida təhlükəsizliyinin təmin olunması” mövzusunda təşkil edilib.
Təlimdə iştirakçılara qida zəncirinin mərhələləri, qida obyektləri, həmçinin qida məhsullarının və onların inqrediyentlərinin, ərzaq xammalının, o cümlədən qablaşdırma materiallarının və kimyəvi maddələrin saxlanması və daşınması üçün mövcud olan qaydalar və onların tələbləri barədə məlumat verilib, müvafiq qulluq və təmizləmə qaydaları, saxlanma və daşınma prosesləri, saxlanma və daşınmaya dair yerli qanunvericiliyin tələbləri və beynəlxalq təcrübə haqqında danışılıb. Eyni zamanda iştirakçılar sanitar gigiyenaya, havalandırmaya, temperatur rejiminə, işıqlandırmaya, çirkab suların axıdılmasına və saxlanma zamanı səthlərə dair tələblər haqqında məlumatlandırılıb. Həşərat və gəmiricilərə qarşı effektiv müdafiənin, həmçinin qida məhsullarının saxlanması və daşınması zamanı müşayiətedici sənədlərin təmin olunması və qida təhlükəsizliyi ilə bağlı saxlanma və daşınmada tətbiq edilməsi vacib olan digər məsələlər də təlim iştirakçılarının nəzərinə çatdırılıb.
Təlim zamanı iştirakçıların sualları cavablandırılıb və onlara sertifikatlar təqdim edilib.