CƏMİYYƏT
Şaxta baba və Qar qız metroda sərnişinləri təbrik edib VİDEO
Bakı, 28 dekabr, Elvin Camalov, AZƏRTAC
“Bakı Metropoliteni” QSC növbəti sosial aksiyasına başlayıb.
AZƏRTAC xəbər verir ki, ötən il olduğu kimi Bakı Metropoliteni stansiyalarda növbəti dəfə bayram əhvalı yaşadıb. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə dekabrın 30-dək davam edəcək aksiya çərçivəsində Şaxta baba və Qar qız metronun kiçik sərnişinlərinə - uşaqlara müxtəlif hədiyyələr, oyuncaqlar təqdim edəcək.
Aksiyaya “28 May” metro stansiyasında start verilib. Şaxta Baba və Qar qız obrazlarında “Bakı Metropoliteni” QSC-nin rəhbər işçiləri - qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev və marketinq şöbəsinin rəisi Lalə Babayeva olublar. Şaxta baba və Qar qız bütün metro stansiyalarını gəzərək balaca sərnişinlərə hədiyyələr paylayıb.
Nəsimi Paşayev qeyd edib ki, ötən il keçirilən bu tədbirdə stansiyaları gəzərkən həm də sərnişinlərin irad və təklifləri dinlənilib, rəhbərliyə sakinlərin fikirləri çatdırılıb. Keçirilən sosial aksiya metro sərnişinləri tərəfindən sevinc və maraqla qarşılanıb.