CƏMİYYƏT


Saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib VİDEO

Bakı, 22 iyun, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə gizli sexlərdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran daha bir mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat tədbiri keçiriblər.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat nəticəsində Şəmkir rayon sakinləri Vaqif Əhmədov və oğlu Nicat Əhmədovun Gəncə şəhər sakini Orxan Quliyevdən aldıqları mənşəyi məlum olmayan spirt və qapaqlardan istifadə etməklə saxta içkilər hazırladıqları müəyyən olunub. Daha sonra həmin şəxslər həmin spirtli içkilərin Tərtər rayon sakini Bəxtiyar Əzimzadənin vasitəçiliyi ilə respublikanın rayonlarında fəaliyyət göstərən topdansatış mərkəzləri, marketlər, restoranlar və digər obyektlərdə satışını təşkil ediblər.

Əməliyyat tədbirlərinin davamı olaraq Baş İdarənin əməkdaşları tərəfindən Gəncə və Şəmkir şəhərlərində adları sadalanan şəxslərə məxsus saxta spirtli içkilərin hazırlandığı sex və anbarların fəaliyyət göstərdiyi ünvanlara da baxış keçirilib. Həmin obyektlərdən xeyli sayda müxtəlif əmtəə nişanları altında qablaşdırılmış saxta spirtli içkilər, çoxsaylı etiketlər, qapaqlar, boş şüşə qablar, keyfiyyətsiz, istifadəyə yararsız saxta spirt və sair maddi sübutlar aşkarlanaraq götürülüb. Aşkarlanan saxta spirtli içkilərin ekspertizası zamanı müəyyən edilib ki, həmin məhsullar istifadəyə tam yararsız olmaqla yanaşı, insan sağlamlığı üçün də təhlükəlidir.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Mütəşəkkil dəstənin üzvləri olan Vaqif Əhmədov, Orxan Quliyev və Bəxtiyar Əzimzadənin barələrində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda bu hüquqazidd əməllərin tam və hərtərəfli araşdırılması, habelə, təqsirləndirilən şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyi əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi ilə birgə tədbirləri bundan sonra davam etdirəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.