CƏMİYYƏT
Səbail rayonundakı Şıx qəsəbəsinin dəniz çimərliyində paytaxt sakininin pul və mobil telefonu oğurlanıb
Bakı, 28 iyul, AZƏRTAC
Səbail Rayon Polis İdarəsinin 41-ci polis bölməsinə Şıx qəsəbəsinin dəniz çimərliyində Bakı şəhər sakini Ə.Sadıxovun mobil telefonunun oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş V.Əsədov saxlanılıb. Onunla bağlı aparılmış əməliyyat tədbirləri ilə həmin şəxsin müxtəlif vaxtlarda Şıx çimərliyində “Tofaş” markalı avtomobildən 150 manat pul və mobil telefon, bir qadının və bir kişinin çantalarından üç ədəd mobil telefon, həmçinin Şuşa şəhər sakini E.Nərimanlı ilə birgə “Mercedes” markalı bir avtomobildən içərisində 1400 manat, bank kartı və sənəd olan pulqabını oğurlamaları da müəyyən olunub.
Əməliyyat tədbirləri ilə E.Nərimanlı da polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.