CƏMİYYƏT
Səbailli məktəblilər tur-aksiya çərçivəsində qədim Gəncəyə yola düşüblər VİDEO
Bakı, 16 noyabr, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə respublikamızın müxtəlif bölgələrinə təşkil olunmuş maarifləndirici tur-aksiya çərçivəsində Səbail rayonu üzrə təhsildə, idmanda və oxuduqları tədris müəssisəsinin ictimai həyatında fərqlənən 40 məktəbli noyabrın 16-da Gəncə-Şəmkir-Göygöl marşrutu ilə yola düşüb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılar rayon icra hakimiyyətinin binasında ümummilli lider Heydər Əliyevin büstü önünə tər güllər düzüb, Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Məktəblilərin, onların valideynlərinin, rayondakı orta məktəblərin kollektivlərinin, veteranların və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbir Azərbaycan dövlət himninin səslənməsi ilə başlanıb.
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Abit Əliyev ümummilli lider Heydər Əliyevin yaradıcısı olduğu müstəqil Azərbaycanın nailiyyətlərindən, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən dinamik sosial-iqtisadi inkişafdan, yeni qlobal layihələrdən, gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıb.
Toplantıda rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov Səbail rayonunda son dörd ildə təşkil olunan tur-aksiyalar barədə məlumat verib. Bildirilib ki, keçirilən aksiyalar çərçivəsində ümumilikdə 230 səbailli məktəbli Lənkəran-Masallı-Astara, Naxçıvan və Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə gəzintidə olub. Eyni zamanda, Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları iki ildir ki, tur-aksiya çərçivəsində Naxçıvandan Bakıya gələn yeniyetmələrin paytaxtın görməli yerləri, muzey və sərgi salonları ilə tanışlığı işində fəal iştirak ediblər. Turun keçirilməsi ilə bağlı bütün təşkilati məsələlər həll olunub.
Tədbirdə müəllimlər, valideynlər və başqaları çıxış edərək bildiriblər ki, bu layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmaları, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Cəbrayıl Əsgərov adına 50 nömrəli tam orta məktəbin direktoru Sədaqət Həsənova AZƏRTAC-a müsahibəsində deyib: “Hər il olduğu kimi, bu il də səbailli məktəblilər maarifləndirici tur-aksiya çərçivəsində Gəncə, Şəmkir və Göygölə səfər edəcəklər. Əsas məqsədimiz məktəblilərə tarixi abidələrimizi tanıtmaq və onları vətənpərvər ruhunda yetişdirməkdir”.
163 nömrəli tam orta məktəbin şagirdi Aysel Əliyeva və 91 nömrəli tam orta məktəbin şagirdi Məmməd Xanəlizadə müsahibələrində vurğulayıblar ki, bu turun keçirilməsi onlar üçün çox sevindiricidir: “Biz səfərdə olarkən gördüyümüz maraqlı məlumatları öz sinif yoldaşlarımızla paylaşacağıq. Tur-aksiya ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsində mühüm amillərdən biri olacaq”.
Şagirdlər bu şəraiti onlara yaratdığına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tur-aksiya iştirakçıları dörd gün ərzində Gəncə şəhərində Gəncə tarix diyarşünaslıq muzeyi, Qədim Qala divarları, “İmamzadə” Kompleksi, Comərd Qəssab Türbəsi, Nizami Gəncəvinin məqbərəsi, Nizami Gəncəvi adına mərkəzi, Heydər Əliyev adına Milli Park, Heydər Əliyev Mərkəzi, Cavad xan Məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Amfiteatr, Gəncə avtomobil zavodu ilə tanış olacaqlar.
Səbailli məktəblilər Şəmkir rayonunda “Orta əsr Şəmkir şəhəri”, Heydər Əliyev Mərkəzi, Gənclər mərkəzi, Bayraq Muzeyi, “Abidələr” parkı, Alman kilsəsi, “İstiqlal” parkı, “Nəfis çörək zavodu”na, Göygöl rayonunda Tarix-diyarşünaslıq muzeyinə, Alman kirxası, sonuncu alman Viktor Klaynın ev-muzeyinə baxış keçirəcək, Hacıkənd qəsəbəsinə və Göygöl Milli Parkına ekskursiya edəcəklər.
Onlar həm də səfər çərçivəsində təşkil olunacaq intellektual oyunlarda və “IDEA” İctimai Birliyi xətti ilə keçiriləcək ağacəkmə kampaniyalarında iştirak edəcəklər.
Sonda məktəblilərə rayon icra hakimiyyətinin xatirə hədiyyələri təqdim edilib.