İDMAN
Sebastyan Fettel: “Aston Martin” qarşısına növbəti ildən ciddi hədəflər qoyacaq
Bakı, 11 sentyabr, AZƏRTAC
Növbəti mövsümdən “Aston Martin”də çıxış edəcək Sebastyan Fettel yeni komandası haqda fikirlərini bölüşüb.
AZƏRTAC xəbər verir ki, amma Formula 1 üzrə dördqat dünya çempionu olan almaniyalı pilot gələcək klubu ilə neçə illik müqavilə imzalayacağı haqda heç bir məlumat verməyib: “Son bir neçə ayda gələcəklə bağlı planlar qururdum. İndiki məqamda yalnız inkişaf haqda fikirləşməli idim. “Aston Martin” isə qarşısına növbəti ildən ciddi hədəflər qoyacaq. Ona görə də bizi parlaq gələcək gözləyir. Xərclərə limit qoyulmasına görə bizim də uğur qazanmaq üçün imkanımız olacaq. Yeni komandamla müqaviləmə gəlincə, biz uzunmüddətli perspektiv haqda fikirləşirik”.
S.Fettelin gəlişi ilə növbəti mövsüm “Aston Martin”i tərk edəcək pilotun adı da məlum olub. Gözlənildiyi kimi, Serxio Peres komandadan gedəcək. Mətbuata açıqlama verən meksikalı idmançı söyləyib: “Komandanın sahibi Lourens Stroll mənə zəng edərək başqa istiqamət üzrə hərəkət etmək istədiklərini söylədi. Halbuki, buna qədər mənə inandıqlarını söyləyirdilər. Hətta yeni müqavilənin şərtlərini də razılaşdırmışdıq. Amma gördüyünüz kimi fikirlərini dəyişdilər. Reallığı qəbul etməliyəm”.