QAN YADDAŞI


Seçenov Universitetinin Bakı filialında 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Bakı, 18 yanvar, AZƏRTAC

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Rusiya ali təhsil ocağının Bakı filialının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə bu qanlı faciənin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra Seçenov Universitetinin Bakı filialının rektoru, professor Əziz Əliyev çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş, Azərbaycan xalqının tarixinə qanlı səhifə kimi yazılmış hadisələrdən danışıb. Qeyd edilib ki, bu dəhşətli hadisəyə ilk siyasi qiyməti Azərbaycanın ümummilli lideri Heydər Əliyev verib. O, 1990-cı il yanvarın 21-də SSRİ rəhbərliyinə etirazını bildirib, qoşunların Bakıdan çıxarılmasını tələb edib.

Rektor onu da vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin ciddi səyləri nəticəsində ölkəmiz uğurla inkişaf etməkdədir. İlham Əliyevin rəhbərliyi altında bərqərar olmuş sabitlik ölkəmizi təhlükəsiz edir. Həyata keçirilən layihə və islahatlar Azərbaycanın rifahını və dayanıqlı inkişafını təmin edir.

Sonra Seçenov Universitetinin Bakı filialının tələbələrinin ifasında təzəcə evlənmiş İlham və Fərizənin, habelə 13 yaşlı İlqar İbrahimovun, Larisa Məmmədovanın faciəli taleyini təsvir edən “Mən 20 Yanvar şəhidiyəm” kompozisiyası nümayiş etdirilib, şəhidlərə həsr olunmuş “Əsgər qardaşım”, “Bəd Qara Yanvar”, “Şəhidlər”, “Torpağın səsi”, “Ana , mən şəhid oldum”, “Vətən əmanəti” şeirləri səslənib.

Tədbir Bakı filialının II kurs tələbələrinin çəkdiyi və Qanlı Yanvar günlərində həkimlərin hünərindən söz açan “20 Yanvar hadisələrində həkimlərin qəhrəmanlığı” filmi nümayiş etdirilib.

Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə 147 adam öldürülüb, 744 mülki şəxs yaralanıb, 841 adam qanunsuz həbs edilib. Bakıya yeridilən sovet qoşunları 200 mənzil və evi, 80 avtomaşını, o cümlədən təcili yardım maşınlarını, külli miqdarda şəxsi və dövlət əmlakını məhv ediblər.

O məşum gecə xalqımızın hafizəsində təkcə faciə kimi deyil, həm də Azərbaycanın müstəqilliyi və suverenliyi naminə fədakarlıq və qəhrəmanlıq rəmzi kimi silinməz izlər qoyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.