CƏMİYYƏT


Seçenov Universitetinin Bakı filialında yeni dərs ilinin başlanmasına həsr edilmiş tədbir keçirilib

Bakı, 17 sentyabr, AZƏRTAC

Sentyabrın 16-da İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Birinci MDTU, Seçenov Universiteti) Bakı filialında Bilik gününə və yeni dərs ilinin başlanmasına həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə filialın rektoru, professor Əziz Əliyev, İ.M.Seçenov adına Birinci MDTU-nun ictimaiyyətlə əlaqələr və tərbiyəvi iş üzrə prorektoru Andrey Yeryomin və Seçenov Universitetinin təhsil xidmətlərinin ixracı şöbəsinin rəisi Nikita Sokolov iştirak ediblər.

Filialın rektoru professor Əziz Əliyev giriş sözü söyləyib. O, tədbir iştirakçılarını yeni dərs ilinin başlaması münasibətilə təbrik edərək vurğulayıb ki, İ.M.Seçenov adına Birinci MDTU-nun Bakı filialı Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı əsasında və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb. Professor Əziz Əliyev qeyd edib ki, universitetin rəhbərliyi öz tələbələrinin inkişafına kömək etməyə həmişə hazırdır. Professor Ə.Əliyev deyib: “Filialın müasir klinik bazası daim genişlənir. İndiyə qədər Rusiya, ABŞ və Almaniyanın aparıcı klinikaları ilə, həmçinin Azərbaycanın tibb müəssisələri ilə müqavilələr bağlanıb. Təhsildə fərqlənən tələbələr praktiki məşğələlər keçmək üçün həmin klinikalara göndərilir”.

İ.M.Seçenov adına Birinci MDTU-nun ictimaiyyətlə əlaqələr və tərbiyəvi iş üzrə prorektoru Andrey Yeryomin Seçenov Universitetinin rektoru Pyotr Qlıboçkonun adından tələbələri təbrik ediblər.

Seçenov Universitetinin təhsil xidmətlərinin ixracı şöbəsinin rəisi Nikita Sokolov öz çıxışında qeyd edib ki, Rusiyanın ən yaxşı ali məktəbində təhsil almaq bu tələbələr üçün nadir imkandır. Birinci MDTU-nun məzunları arasında böyük alimlərin və məşhur insanların bütöv bir nəsli var. Xatırladaq ki, bu ali məktəbin məşhur məzunlarından biri də Azərbaycanın Birinci vitse-prezidenti, Birinci MDTU-nun fəxri professoru Mehriban xanım Əliyevadır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.