SİYASƏT
Sədaqət Vəliyeva: Azərbaycan-Türkiyə birliyi dostluq, qardaşlıq və müttəfiqlik rəmzinə çevrilib
Bakı, 27 oktyabr, Səlim Rəhimzadə, AZƏRTAC
Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri Azərbaycan-Türkiyə sarsılmaz birliyinin əyani təzahürü olduğunu, ölkələrimiz arasında əməkdaşlığın, qardaşlığın regional və dünya miqyasında önəmli amilə çevrildiyini bir daha isbatlayıb. Həmçinin bir daha sübut edildi ki, Azərbaycan-Türkiyə birliyi dostluq, qardaşlıq və müttəfiqlik rəmzinə çevrilib, dünyada dil və etnik baxımdan bir-birinə yaxın ölkələrin çox olması fonunda Azərbaycan-Türkiyə birliyi nümunəvi xarakter daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
O bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Qarabağa ikinci səfəri çərçivəsində Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak etməsi, Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun, Zəngilan rayonunda “Dost Aqropark”ın təməlinin qoyulması, “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olması bir daha qardaş ölkənin Azərbaycanın uğurlarını, sevincini paylaşmasına işarə olub. Zəngilanda keçirilmiş görüşlər zamanı bir daha dünyaya mesaj verildi ki, hər iki ölkənin liderləri öz əməli fəaliyyətləri ilə milli maraqları hər şeydən üstün tutduqlarını və qətiyyətlə qoruduqlarını nümayiş etdirirlər. Bu gün öz liderlərinin sayəsində Türkiyə və Azərbaycan böyük uğurlar əldə edib, bütün dünyada prinsipial, cəsarətli, düşünülmüş siyasət yürüdən ölkələr kimi tanınır və qəbul edilir.
“Zəngəzur dəhlizinin təməlinin qoyulması tarixi hadisədir”, - deyən Milli Məclisin deputatı əlavə edib ki, təməli qoyulan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu ilə Bakıdan İstanbula gedən dəhliz yaradılacaq. Zəngəzur dəhlizi regionda kommunikasiyaların, iqtisadi əlaqələrin möhkəmlənməsində böyük rolu olacaq. Eləcə də Füzuli Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə strateji əhəmiyyətə malik kommunikasiya infrastrukturu formalaşdıracaq. Füzulidə istifadəyə verilmiş, Zəngilan və Laçında tikintisi nəzərdə tutulan hava limanları da regionun inkişafında əhəmiyyətli rol oynayacaq.