SİYASƏT
Sədaqət Vəliyeva: Böyük enerji şirkətlərinin Azərbaycana sərmayə yatırması ölkəmizdəki siyasi sabitlik və təhlükəsizlik amili ilə bağlıdır
Bakı, 23 yanvar, AZƏRTAC
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin dünyanın böyük transmilli enerji şirkətlərini Azərbaycanın neft-qaz sektoruna sərmayə yatırmasına inandırmasından sonra ölkəmizdə yeni dövrün başlanğıcı qoyuldu. 1994-cü ildə Britaniyanın, ABŞ-ın, Avropa ölkələrinin və digər dövlətlərin iri enerji şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra ölkəmizin iqtisadiyyatının lokomotivi hesab edilən neft-qaz sektorunda sıçrayışlı inkişaf dövrü başlandı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, ötən müddət ərzində BP və başqa transmilli enerji şirkətləri Azərbaycanda səmərəli fəaliyyət göstərib, ölkə iqtisadiyyatına sərmayələr yatırıblar. Əlbəttə ki, böyük enerji şirkətlərinin Azərbaycanda sərmayə yatırması, ilk növbədə, ölkəmizdəki siyasi sabitlik və təhlükəsizlik amili ilə bağlıdır. İkincisi, dünyanın ən aparıcı enerji şirkətləri ilə həm ulu öndər Heydər Əliyevin, həm də Ümummilli Liderimizin layiqli davamçısı Prezident İlham Əliyevin fəaliyyəti sayəsində Azərbaycan dövlətinin və xalqının milli maraqlarından çıxış edərək ölkəmizin perspektiv inkişafına hesablanmış səmərəli əməkdaşlıq əlaqələri qurulub. Heç kəs təsəvvür belə edə bilməzdi ki, zaman gələcək, Azərbaycan Avropa qitəsinin enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayacaq. Təsadüfi deyildir ki, bu gün Azərbaycan BTC, BTƏ, TANAP, TAP kimi transmilli layihələrlə bir çox dövlətlərin və regionların qarşılıqlı səmərəli əməkdaşlığını təmin edir, eyni zamanda, təhlükəsizliyin də qorunmasına və möhkəmlənməsinə öz töhfəsini verir.
Azərbaycanın dünyada böyük inam və etibar qazanmış tərəfdaş statusuna malik ölkə olduğunu deyən deputat əlavə edib ki, Davosda Prezident İlham Əliyevlə onlarla şirkətin rəhbərlərinin görüş keçirməsi ölkəmizdəki sabitliyin, təhlükəsizliyin və sərmayə yatırmaq üçün münbit şəraitin olması ilə birbaşa bağlıdır. Bu gün Azərbaycan iqtisadiyyatına təxminən 250 milyard dollar sərmayə yatırılıb. Düşünürəm ki, perspektivdə həm enerji, həm də digər sektorlarda Azərbaycana investisiya yatırmaq istəyən şirkətlərin sayı çox olacaq və bu rəqəm dəfələrlə artacaq.