REGİONLAR
Sədərək rayonunda sosial sığorta haqlarının onlayn ödəmə sistemi tətbiq edilir
AZƏRTAC xəbər verir ki, pensiya siyasəti, sosial sığorta qanunvericiliyi və sosial sığorta sistemində fərdi uçotun tətbiqi məsələlərinə həsr olunan tədbiri Sədərək Rayon İcra Hakimiyyətinin şöbə müdiri Samil Kazımov açaraq ölkəmizdə həyata keçirilən pensiya islahatlarından danışdı.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları Yaşar Məmmədov, İsmayıl Həsənov və Ağa Həsənov sosial sığorta qanunvericiliyindən, məcburi dövlət sosial sığorta haqlarının onlayn ödəmə sistemi vasitəsilə ödənilməsindən, sosial sığorta sistemində fərdi uçotun tətbiqindən, pensiyaların təyinatı və ödənişinin müasir üsullarla həyata keçirilməsindən söhbət açıblar.
Bildirilib ki, son illər ərzində sosial sığorta sahəsinin sürətli inkişafı bu sahədə elektron xidmətlərin tətbiqinin aktuallığını artırıb. Elektron xidmətlərdən biri olan məcburi dövlət sosial sığorta haqlarının onlayn ödənilməsi xidməti vasitəsilə sığortaedənlər məcburi dövlət sosial sığorta vəsaitlərini onlayn həyata keçirmək imkanına malikdirlər. Belə ki, www.dsmf.nakhchivan.az saytına daxil olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və torpaq mülkiyyətçiləri plastik kartlar vasitəsilə məcburi dövlət sosial sığorta haqlarını tam şəkildə ödəyə bilərlər.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sədərək Rayon Şöbəsinin müdiri Yaqubəli Vəliyev Sədərək rayonda sığorta-pensiya sistemi ilə əlaqədar görülən işlər haqqında məlumat verib.
Sonda fond tərəfindən yeni əmək fəaliyyətinə başlayan bir qrup vətəndaşa fərdi uçot sistemində qeydiyyata alındıqlarını və onlar üçün fərdi şəxsi hesab açıldığını təsdiq edən sosial sığorta şəhadətnaməsi təqdim edilib.