QAN YADDAŞI
Səfir Anar İmanov: Xocalı soyqırımını törədənlərin cəzalandırılmaması oxşar cinayətlərin təkrarlanmasına zəmin yaradır
Pekin, 24 fevral, AZƏRTAC
Xocalı soyqırımını törədənlərin cəzalandırılmaması bu cür cinayətlərin gələcəkdə də təkrarlanmasına zəmin yaradır.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar səfirlikdə keçirilən mətbuat konfransında deyib.
Vyetnamın aparıcı kütləvi informasiya vasitələrinin, o cümlədən dövlət televiziya kanallarının, bir sıra çap və elektron media resursları nümayəndələrinin qatıldıqları mətbuat konfransında A.İmanov Xocalı soyqırımı barədə ətraflı məlumat verərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Azərbaycanın Xocalı şəhərini işğal etdiyini və çoxlu sayda mülki şəxsi, əsasən uşaq və qadınları qətlə yetirdiyini bildirib. O, Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən söz açaraq, soydaşlarımızın xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilməsi, girov götürülən insanların dəhşətli işgəncə, zülm və təhqirlərə məruz qalması barədə ətraflı məlumat verib.
Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətinin Ermənistanın dövlət siyasətinə çevrildiyini qeyd edən diplomat soyqırımı haqqında beynəlxalq konvensiyaya uyğun olaraq soyqırımı cinayətlərini törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasının hər bir ölkənin vəzifəsi olduğunu vurğulayıb. O, Xocalı soyqırımını törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasında bütün sülhsevər dövlətləri öz səylərini birləşdirməyə, həm beynəlxalq ədalət strukturlarında, həm də daxili qanunvericilikləri əsasında zəruri tədbirləri görməyə çağırıb.
A.İmanov fevralın 26-da hər il dünyanın bir çox ölkəsində "Xocalıya ədalət!" kampaniyası çərçivəsində müxtəlif tədbirlərin keçirildiyini qeyd edərək, Azərbaycan tərəfindən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və bu soyqırımının beynəlxalq səviyyədə tanıdılması ilə bağlı zəruri tədbirlərin görüldüyünü bildirib.
Səfir cəzasızlıq səbəbindən Ermənistan ordusunun növbəti cinayətlərə əl atdığını, ötən ilin payızında Gəncə, Tərtər və Bərdəni raket atəşinə tutduğunu, nəticədə çoxlu sayda mülki şəxsin, o cümlədən uşaqların qətlə yetirildiyi barədə də məlumat verib. O, dünya ictimaiyyətinin 1992-ci ildə Xocalıda, 2020-ci ildə Gəncə və Bərdədə insanlığa qarşı törədilmiş dəhşətli cinayətlərə hüquqi qiymət verməsinin vacibliyini vurğulayıb.
Sonra jurnalistlərin çoxsaylı sualları cavablandırılıb.
Tədbirdə Xocalı soyqırımını əks etdirən sənədli film nümayiş etdirilib, səfirlik tərəfindən Vyetnam dilində nəşr olunmuş "Xocalı soyqırımı" kitabının nüsxələri, bu soyqırımı ilə bağlı 1992-ci ildə nüfuzlu beynəlxalq media orqanlarının hazırladıqları məqalələrin surətləri və digər müvafiq məlumatlar konfrans iştirakçılarına təqdim olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin