SİYASƏT
Səfir: Azərbaycanın tolerantlıq baxımından digər dövlətlər üçün nümunədir
Bakı, 23 fevral, AZƏRTAC
Fevralın 23-də Milli Məclisin deputatı Azay Quliyev İsrailin Azərbaycandakı səfiri Corc Dik ilə görüşüb.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qonağı salamlayan Azay Quliyev Azərbaycanın İsrail ilə münasibətlərin inkişafına xüsusi önəm verdiyini bildirib. Qeyd edib ki, ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir. Diqqətə çatdırılıb ki, Azərbaycanda hər zaman bir çox xalqların nümayəndələri birlikdə sülh şəraitində yaşayıblar. Ölkəmizdə İslam dini ilə yanaşı, müxtəlif dinlərə etiqad edən insanlar yaşayır.
Deputat Azərbaycanda yəhudilərə yaradılan şəraitdən bəhs edib, burada sinaqoqların fəaliyyət göstərdiyini söyləyib.
Azərbaycan-İsrail münasibətlərinin inkişafından söz açan deputat iki ölkənin xalqları arasında sıx dostluq əlaqələrinin olduğunu qeyd edib. Azərbaycan ilə İsrail arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişaf etməsinin iki ölkənin maraqlarına uyğun olduğunu vurğulayıb.
Söhbət zamanı Milli Məclisdə İsraillə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyət göstərməsi təqdirəlayiq hal kimi qiymətləndirilib. Qeyd edilib ki, gələcəkdə deputatlarımızın qarşılıqlı səfərləri və görüşlərin keçirilməsi iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığın genişləndirilməsi baxımından çox əhəmiyyətlidir.
İsrailin Azərbaycandakı səfiri Corc Dik səmimi qəbula görə təşəkkürünü ifadə edib, dövlətlərimiz və xalqlarımız arasında tarixən dostluq münasibətlərinin olduğunu, ölkələrimizin əlaqələrinin müxtəlif sahələr üzrə inkişaf etdiyini söyləyib. Diplomat Azərbaycanın müstəqillik illərində qazandığı nailiyyətləri yüksək qiymətləndirib, Azərbaycanın tolerantlıq baxımından digər dövlətlər üçün nümunə olduğunu deyib. Azərbaycanlılarla yəhudilərin hər zaman mehriban yaşadığını, bunun dostluğun və qardaşlığın təzahürü olduğunu qeyd edib.
Səfir iqtisadi, turizm, kənd təsərrüfatı sahələrində əlaqələrin inkişafından, bərpa olunan enerji, yeni texnologiyaların tətbiqi ilə bağlı əməkdaşlıqdan, su ehtiyatlarının səmərəli istifadə olunmasından bəhs edib.
Görüşdə Azərbaycanın 44 günlük Vətən müharibəsində parlaq Qələbəsi, işğaldan azad olunan torpaqlarımızda bərpa və yenidənqurma işləri, \ yaralı əsgərlərimizin müalicəsi ilə bağlı İsrail dövlətinin dəstəyi və digər məsələlər barədə də danışılıb.