REGİONLAR
Şəhanə Məmmədova: Qəbələnin füsunkar təbiəti və qədim tarixi abidələri bizi valeh etdi
Qəbələ, 19 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
Üç gün ərzində Şəki, Qəbələ və Zaqatala rayonlarının tarixi abidələri, turizm obyektləri, mənzərəli guşələri, adət-ənənələri, eləcə də son illər inşa edilən istehsal müəssisələri və sosial obyektləri ilə tanış olduq. Yaşadığım rayona geri qayıtdıqdan sonra burada tanış olduğum bütün tarixi abidələr, muzeylər, görməli yerlər barədə sinif yoldaşlarıma danışacağam və çəkdiyim fotoşəkilləri onlara göstərəcəyəm. Qəbələnin və Şəkinin təbiəti çox rəngarəngdir. Xüsusən də Qəbələnin füsunkar təbiəti bizi valeh etdi.
Bu fikirləri “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın iştirakçısı, Şəmkir rayonu Dəlilər qəsəbə tam orta məktəbin 10-cu sinif şagirdi Şəhanə Məmmədova AZƏRTAC-a müsahibəsində deyib.
O qeyd edib ki, buradakı məktəblilərin əksəriyyəti Qəbələyə ilk dəfədir gəliblər. “Qəbələ qədim və çox müasir şəhərdir. “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi, “Beltman” piano fabriki, Heydər Əliyev adına Konqres Mərkəzi, “Cotari” udin-alban kilsəsini ziyarət mənə unudulmaz anlar yaşatdı. Bizə ekskursiya etmək imkanı yaratdığı üçün dövlətimizin başçısı İlham Əliyevə minnətdaram”, - deyə Şəhanə Məmmədova vurğulayıb.
Şəmkirli məktəbli qeyd edib ki, qədim Qəbələ şəhərinin qalıqları və arxeoloji qazıntıların nəticələri ilə tanışlıq məndə xoş təəssürat yaratdı. 900 il ərzində Qafqaz Albaniyasının paytaxtı olan bu qədim şəhər haqqında kitablardan çox oxumuşam. Arxeoloji qazıntılar aparılan əraziyə baş çəkdik, əsrlərlə yaşı olan tarixi abidəni gözlərimizlə gördük. Tur-aksiya bizə Vətənimizi daha yaxından tanımaq, bildiklərimizi praktik cəhətdən zənginləşdirmək imkanı yaradır. Eyni zamanda, bu səfərdə yeni dostlar qazandıq. Bir sözlə, geriyə maraqlı və xoş təəssüratlarla qayıdacağıma inanıram”