CƏMİYYƏT
Şəhid ailələri və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə yardım üçün mərkəz yaradılıb
Bakı, 27 sentyabr, AZƏRTAC
“Beynəlmiləlçi Əlil Döyüşçülər” fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi”nin açılış mərasimi keçirib.
Fondun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, QHT rəhbərləri, şəhid ailələri, Əfqanıstan, Qarabağ müharibəsi və Çernobıl əlillərinin iştiraki ilə keçirilən açılış mərasiminin iştirakçıları torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş hərbçi və vətəndaşların xatirəsinin bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan layihənin direktoru, “Beynəlmiləlçi Əlil Döyüşçülər” fondunun prezidenti Sərraf Oruc həyata keçirilən layihə və mərkəzin yaradılması haqqında məlumat verib. Qeyd edilib ki, şəhid ailələri, müharibə əlilləri və veteranların əksər hissəsi son illər onlara şamil edilmiş imtiyazlardan faydalana bilmir və çox vaxt tibbi-sosial problemlərlə üzləşirlər. Bəzi aidiyyəti icra orqanlarında, tibb müəssisələrində şəhid ailələri və müharibə əlillərinə olan biganə və laqeyd münasibət narahatlıq yaradır. Tibbi müalicəyə ehtiyacı olan müharibə əlilləri qanunları bilmədiklərinə görə onlara verilən səhiyyə imtiyazlarından istifadə edib vaxtı-vaxtında müalicə ala bilmirlər.
“Beynəlmiləlçi Əlil Döyüşçülər” fondunun baş müşaviri, ehtiyatda olan polkovnik Elşad Şabanov çıxış edərək qeyd edib ki, şəhid ailələri, müharibə əlilləri və veteranların tibbi-sosial problemlərinin həlli istiqamətində həyata keçirilən dövlət qayğısından danışıb.
Respublika Veteranlar Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik-leytenant İbrahim Ağacanov, “Ehtiyatda olan Zabitlərin Konfederasiyası” Birliyinin Səbail rayon şöbəsinin sədri ehtiyatda olan polkovnik Xətai Baxışov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında yaradılmış İctimai Şuranın üzvü, “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” Birliyinin sədri Rövşən Ağamalıyev, “Vətən Müharibəsi Əlillərinə Kömək” Birliyinin sədri Qurban Məmmədov və başqaları çıxış edərək şəhid ailələrinin və müharibə əlillərinin qanunla nəzərdə tutulmuş sığorta pullarının verilməsi və onların xarici ölkələrdə müalicə olunmasında yaranmış problemlərdən danışıb və “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi”nin yaradılmasını problemlərin həllinə yardım edən təşkilat kimi müsbət qiymətləndiriblər.
Layihənin hüquqşünası İlham Əhmədov şəhid ailələri və müharibə əlillərinin tibbi-sosial məsələləri və sığorta pul vəsaitlərini əldə etməkdə yarana problemlərin həlli üçün yaradılan elektron xidmətindən istifadə qaydaları haqqında məlumat verib.
Tədbirin sonunda mərasim iştirakçılarına “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi və sosial hüquqları” haqqında maarifləndirmə kitabları paylanılıb.