CƏMİYYƏT
Şəhid ailələrinin mənzillə təminatı dövlətimizin onlara diqqət və qayğısının növbəti göstəricisidir
Bakı, 22 iyul, AZƏRTAC
Şəhid ailələrinin mənzillə təminatının pandemiya dövründə də davam etdirilməsi olduqca təqdirəlayiqdir. Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı proqramının davamı kimi bu kateqoriyadan olan vətəndaşlarımızın, onların ailə üzvlərinin mənzillə təmin edilməsi prosesi davam edir. Bu da dövlətimizin başçısının şəhid ailələrinə olan diqqət və qayğısının əyani göstəricisidir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.
Polkovnik deyib ki, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan, həmçinin sağlamlığını itirmiş vətəndaşlarımızın mənzillə təmin edilməsi dövlətimizin şəhid ailələrinə, əlillərə olan diqqət və qayğısını nümayiş etdirir. Uzun illərdir ki, ölkəmizdə bu kateqoriyadan olan vətəndaşların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində sistemli addımlar atılır. Bu addım da həmin nəcib ənənənin davamıdır.
Prezident İlham Əliyevin bütün dünyanın koronavirus təhlükəsinə qarşı mübarizə apardığı, bütün qüvvə və vəsaitlərin məlum problemin həllinə sərf edildiyi, pandemiyanın davam etdiyi bir zamanda bu addımı atması dövlətimizin şəhid ailələrini unutmadığını, onların problemlərinin həllini daim diqqət mərkəzində saxladığını göstərir.
“Bu, həmçinin pandemiya dövründə belə güclü iqtisadiyyata malik dövlətimizin heç bir sosial layihənin icrasını təxirə salmadığını sübut edir. Odur ki, veteranlar adından dövlətimizin başçısına dərin minnətdarlığımızı bildirir, Prezidentin siyasətini bundan sonra da eyni qətiyyətlə dəstəkləməkdə davam edəcəyimizi bəyan edirik”, - deyə C.Xəlilov vurğulayıb.