İDMAN


Şəhid övladları üçün “Yelkənli idmanın bir günü” adlı tədbir təşkil olunub VİDEO

Bakı, 26 avqust, Nicat Məmmədov, AZƏRTAC

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların övladları üçün avqustun 26-da “Yelkənli idmanın bir günü” adlı əyləncəli-maarifləndirici tədbir təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Yelkənli İdman Federasiyasının (AYİF), Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və  “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirin məqsədi şəhid övladlarının yelkənli idmanla tanış olması, onlarda bu idman növünə maraq və istəyin aşılanması, yelkənli qayıqların idarə edilməsi barədə məlumatlandırılması olub. Ümumilikdə 16 iştirakçının qatıldığı tədbirdə iştirakçılara yelkənli qayıqdan istifadə qaydaları, açıq dənizdə küləklə mübarizə, küləyin istiqamətinin seçilməsi, qayıqların təhlükəsiz idarə edilməsinin sirləri öyrədilib.

Federasiyanın “Laser” və “Optimist” sinifləri üzrə beynəlxalq dərəcəli baş məşqçiləri Seyhun Yıldız və Tuğçə Subaşının təlim-məşqləri iştirakçıların marağına səbəb olub.

Federasiyanın yığma komandasının üzvləri beynəlxalq dərəcəli məşqçilərin nəzarəti altında tədbir iştirakçılarının açıq dənizdə yelkənli qayıqlardan təhlükəsiz istifadəsini təmin ediblər. Açıq dənizdə yelkənli qayıqlarla gəzinti, eyni zamanda, sahildə təşkil edilən əyləncəli oyunlar şəhid övladları tərəfindən böyük maraq və sevinclə qarşılanıb. Tədbir zamanı, həmçinin iştirakçılara yelkənli idman növü, idmançıların beynəlxalq yarışlara hazırlığı, federasiyanın yığma komandasının ölkədə və xaricdə təlim-məşq düşərgələrində iştirakı, komanda üzvlərinin yüzlərlə dünya şöhrətli peşəkar idmançının qatıldığı yarışlarda ölkəmizi uğurla təmsil etməsi, yelkənçilərimizin taktiki biliklərinin və müxtəlif hava şəraitində yarış təcrübələrinin daha da artırılması, əldə etdikləri nailiyyətlər barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, aktiv bazası 2014–cü ildən fəaliyyətə başlayan Azərbaycan Yelkənli İdman Federasiyasının əsas məqsədi maddi-texniki bazanı gücləndirmək, məşqçi korpusunu formalaşdırmaq, Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində “Optimist” sinfi üzrə 7-14 yaş uşaqlar, “Laser” sinfi üzrə isə 14 yaşdan yuxarı yeniyetmələri bu idman növünə cəlb etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.