REGİONLAR
Şəhid zabitimiz Şəmkirdə torpağa tapşırılıb VİDEO
Şəmkir, 6 aprel, Famil Quliyev, AZƏRTAC
Düşmənlə təmas xəttində gedən döyüşlərdə şəhid olan zabitimiz Vüqar Nurəddin oğlu Yusifov Şəmkirdə, doğulub boya-başa çatdığı Şiştəpə kəndində torpağa tapşırılıb. Üç uşaq atası olan Vüqar Yusifov Goranboyun Tapqaraqoyunlu kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.
AZƏRTAC xəbər verir ki, dəfn mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, şəhidin döyüş yoldaşları və minlərlə sakin iştirak edib.
Mərasimdə çıxış edənlər zabitin keçdiyi şərəfli ömür yolundan, Vətənə bağlılığından söz açıblar. Böyük izdiham yaşanan mərasimdə Vüqar Yusifovun əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı bir zabit kimi daim yaddaşlarda yaşayacağı vurğulanıb.
Şəhidin nəşi "Vətən sağ olsun!", "Şəhidlər ölməz, Vətən bölünməz!" şüarları ilə son mənzilə yola salıb. Üçrəngli Azərbaycan bayrağı şəhidin atası Nurəddin Yusifova təqdim olunub. Daha sonra dövlət himnimizin sədaları altında yaylım atəşi açılıb və şəhid zabitimiz torpağa tapşırılıb.