MƏDƏNİYYƏT
“Şəhidlər ölməz, Vətən bölünməz!” adlı videoçarx təqdim edilib
Bakı, 3 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı fəal oxucuları ilə birgə “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı videoçarx təqdim edib.
İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda Aprel döyüşlərində şəhid olan Seymur Baxışov, Vətən müharibəsində könüllü olaraq xidmətə gedən Emil Şamilov və Anar Hüseynov haqqında məlumat verilib.
Bildirilib ki, əslən Masallı rayonundan olan Seymur Baxışov 12 iyul 1987-ci ildə Sumqayıt şəhərində Qulamhüseyn və Zemfira Baxışovların ailəsində anadan olub. Kiçik gizir Seymur Baxışov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Aprelin 19-da cənazəsi təmas xəttindən götürülən şəhidimiz aprelin 20-də doğulduğu Sumqayıt şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Özünün şücaəti və qəhrəmanlığı ilə düşmən ordusunu qorxuya salan qəhrəman şəhid gizir Seymur Baxışov xidməti dövründə düşmənin çoxlu sayda canlı qüvvəsini məhv etməklə yanaşı, neçə-neçə düşmən texnikasını sıradan çıxarıb.
Şəhid Seymur Baxışov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.
Vətən müharibəsində iştirak etmək üçün könüllü olaraq xidmətə yollanan Emil Şamilov Xocavənd rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Cəbrayıl rayonunun azadlığı uğrunda", "İgidliyə görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Döyüşlərdə torpaqlarımızın düşmən tapdağından azad olunmasında qəhrəmanlıq göstərən igidlərimizdən biri də tankçı Anar Hüseynov idi. O, Füzulidə gedən hərbi əməliyyatlarda iştirak edib. Cəsur döyüşçü hərbi əməliyyatlar başlayandan bir gün sonra, sentyabrın 28-də şəhid olub.