CƏMİYYƏT
Şəhidlərimiz qürur mənbəyimizdir
Bakı, 19 yanvar, AZƏRTAC
“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsi, şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şəki Regional Mərkəzinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunan "Şəhidlərimiz bizim qürur mənbəyimizdir" adlı konfrans keçirilib.
Konfransda Mingəçevir Gənclər evinin direktor müavini Rüfət Qazızadə, şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şəki Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov və gənclər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, konfransda iştirakçılar 20 Yanvar faciəsinin xalqımızın yaddaşına həm də qəhrəmanlıq tarixi kimi həkk olunduğunu qeyd edib, Vətənimizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda mübarizədə Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın qəlbimizdə əbədi yaşayacağını bildiriblər.
Qeyd olunub ki, gənclərimizin vətənpərvər ruhunda böyüməsi və tərbiyələnməsində 20 Yanvar hadisələri xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının ilk addımları məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün bütün dünya xalqımızın və ordumuzun gücünə şahiddir.