ELM VƏ TƏHSİL
Şəhidlərimizin həyat yolu gənclər üçün vətənpərvərlik nümunəsidir
Bakı, 27 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Anım Günü münasibətilə tədbir keçirilib.
UNEC-in şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan Memorial-Xatirə Kompleksinin önündə keçirilən tədbirdə şəhid ailələri, qazilər iştirak ediblər.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, universitetin rektoru professor Ədalət Muradov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun Vətən müharibəsində əldə etdiyi parlaq qələbədən söz açıb. O qeyd edib ki, 30 illik torpaq həsrətinə son qoyan, şəhidlərin qanı, canı bahasına əldə etdiyimiz Qarabağ zəfəri Nobel mükafatçısı Əziz Səncərin qeyd etdiyi kimi, “Son 200 ildə Türk dünyasının ən böyük və ən önəmli Zəfəridir”. Rektor şəhidlərimizin xatirəsinin daim yad edilməsinin, əbədiləşdirilməsinin, eləcə də onların ailə üzvlərinə diqqət və qayğı göstərilməsinin hər birimizin vətəndaşlıq borcu olduğunu deyib. UNEC-in şəhid olmuş 45 tələbə və məzununun xatirəsinə ucaldılan memorial kompleksin gələcəyimiz üçün vətənpərvərlik abidəsi olduğunu diqqətə çatdırıb.
Xalq artisti Nurəddin Mehdixanlı Vətən müharibəsində ordumuzun göstərdiyi qəhrəmanlıqdan bəhs edərək, sentyabrın 27-nin ölkəmiz üçün Qələbənin başlanğıc tarixi olduğunu bildirib. Xalqımızın bu haqq savaşında Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Ordusuna söykənərək qalib gəldiyini, tarixi torpaqlarımızı düşmən tapdağından azad etdiyini diqqətə çatdırıb. O, şəhidlərimizin həyat yolunun gənclər üçün bir örnək, vətənpərvərlik və fədakarlıq nümunəsi olduğunu vurğulayıb.
Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan kapitanı Şəmsəddin Qurbanov, UNEC-in tələbəsi, Vətən müharibəsi qazisi Xəyyam Qədiməliyev respublikamızın ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşdən bəhs ediblər. Ali Baş Komandanın əmrinə hər an hazır olduqlarını, Vətənə, xalqa, dövlətə bundan sonra da sədaqətlə xidmət edəcəklərini qeyd ediblər.
Sonra UNEC-in şəhid məzunları Əhmədağa Novruzov, Yusif Mirzəyev, Teymur Məcidzadə, Hikmət Şıxməmmədov, Mahir Mirzəyev, Anar Qarayev və Əsəd Əsədlinin valideynləri çıxış edərək, övladlarının qanının yerdə qalmadığından, rəşadətli Ordumuzun onların intiqamını döyüş meydanında aldığından təsəlli tapdıqlarını və övladları ilə qürur duyduqlarını bildiriblər.
Tədbirdə tələbələr şəhidlərə həsr olunan şeirlər söyləyiblər.
Anım mərasimi “Xudayar təsnifi”nin səsləndirilməsi ilə başa çatıb.