CƏMİYYƏT


Səhiyyə Nazirliyi: 7 gün ərzində COVID-19 simptomları keçməyən xəstələrin təcrid müddəti uzadıla bilər

Bakı, 24 yanvar, AZƏRTAC

Azərbaycanda yanvarın 24-dən etibarən COVID-19 PZR test nəticəsi “müsbət” olan vətəndaşların təcrid müddəti 7 günə azaldılıb. Bununla əlaqədar olaraq, Ailə Sağlamlıq Mərkəzlərində COVID-19 xəstələri üçün açılan əmək qabiliyyətinin olmaması vərəqəsi (bülleten) müddəti də 7 günlük müəyyən edilməlidir.

Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, 7 gündən sonra müəyyən simptomların müşahidə edildiyi xəstələrin bülleten müddəti uzadıla bilər.

Son vaxtlar dünya ölkələrində SARS-CoV-2 virusunun “omikron” ştamının geniş yayılması halları müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatı ölkələri xəstəliklə aparılan mübarizə tədbirlərinə yenidən baxmağa çağırır. Bildirilir ki, yeni ştamın spesifik xüsusiyyətləri nəzərə alınaraq test strategiyaları, karantin müddətləri, xəstələrin müşahidə və müalicə metodlarında dəyişikliklər olunur.

Ölkədə SARS-CoV-2 PZR test nəticəsi “müsbət” olan şəxslərin və onların müəyyən olunmuş “sıx təmaslı”larının təcrid müddəti bu günə qədər 14 gün idi.

Xatırladaq ki, Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1697 yoluxma faktı qeydə alınıb, 526 nəfər müalicə olunaraq sağalıb. İndiyədək ölkədə ümumilikdə 633 min 731 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 612 min 292 nəfər müalicə olunaraq sağalıb, 8 min 610 nəfər həyatını itirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.