CƏMİYYƏT
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
Bakı, 15 noyabr, AZƏRTAC
Noyabrın 15-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPK) və Azərbaycan Diabet Cəmiyyətinin birgə təşkilatçılığı ilə Ümumdünya Diabet Gününə həsr olunmuş konfrans keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini şəkərli diabetlə mübarizəyə yönəltmək və maarifləndirmə yolu ilə sağlam həyat tərzini təşviq etməkdir.
AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva şəkərli diabetin insanların sağlamlığı üçün ciddi xəstəlik olduğunu qeyd edib. Bildirib ki, Beynəlxalq Diabet Federasiyasının məlumatlarına əsasən, 2000-2017-ci illərdə dünyada diabetli xəstələrin sayı üç dəfəyədək artıb. Bu xəstəlik yayılmaqda davam edir. Sədr müavini qeyd edib ki, builki statistikaya görə, ölkəmizdə 250 min diabet xəstəsi var. Bu xəstəliklə mübarizə məqsədilə 2006-cı ildə ölkəmizdə Dövlət Proqramı qəbul olunub.
Vurğulanıb ki, Birinci vitse-prezident Mehriban Əliyeva səhiyyənin inkişafına, insanların sağlamlığının qorunmasına daim böyük diqqət və qayğı göstərir. Heydər Əliyev Fondu, eyni zamanda, şəkərli diabeti olan, ürək qüsurlu və gözdən əlil uşaqların, eləcə də talassemiya xəstələrinin müalicəsi üzrə layihələr həyata keçirir. A.Sofiyeva bu məsələnin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də diqqət mərkəzində olduğunu bildirib. O deyib ki, Komitə tərəfindən artıq 2 ildir ki, “Ailə və diabet” mövzusunda ardıcıl layihələr həyata keçirilir, təlimlər, aksiyalar təşkil olunur.
Azərbaycan Diabet Cəmiyyətinin sədri Mömunat Ömərova noyabrın 14-də Bakıda keçirilən II Azərbaycan Diabet Konqresində bu xəstəliklə mübarizə yollarından, diabetlə birgə mübarizənin vacibliyindən danışıb, əhalinin bu xəstəliklə bağlı maarifləndirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, Heydər Əliyev Fondunun “Diabetli uşaqlara xüsusi qayğı” layihəsi çərçivəsində uşaqların lazımi dərmanlarla təmin edilməsi təqdirəlayiqdir.
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının həkimləri, biologiya elmləri namizədi Gülşən Mirzəzadə və klinikanın Şəkərli diabet şöbəsinin müdiri Sevil Mustafayeva sürətlə artan bu xəstəliyin ciddi sosial problemlər yaratdığını, müalicə olunmazsa ölümlə nəticələnə biləcəyini diqqətə çatdırıblar. Vurğulayıblar ki, hər birimiz diabetin əlamətləri, onun fəsadlarının qarşısının alınması barədə məlumatlı və diqqətli olmalıyıq.