REGİONLAR
Şəki Regional Elmi Mərkəzində “Sən elə bir zirvəsən, Heydər Əliyev – 100” adlı sərgi açılıb

Bakı, 8 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Sən elə bir zirvəsən, Heydər Əliyev – 100” adlı sərgi açılıb.
Qurumdan AZƏRTAC-a bildirilib ki, sərgidə Ümummilli Liderin mənalı, zəngin və şərəfli həyat yolunu, çoxşaxəli ictimai-siyasi fəaliyyətini, dövlətçiliyimiz tarixində müstəsna xidmətlərinin bir hissəsini əks etdirən ölkənin görkəmli elm xadimləri tərəfindən tərtib olunmuş kitablar və fotoşəkillər yer alıb.
Xatırladaq ki, bu il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin hamisi, dünyaşöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Prezident İlham Əliyev 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Bu Sərəncam Heydər Əliyev şəxsiyyətinə, onun tarixi xidmətlərinə yeni dəyərlər əsasında verilən qiymətdir. Sərəncamda qeyd edildiyi kimi, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Azərbaycanda “2023-cü il Heydər Əliyev İli” elan edilməsi cəmiyyətin bütün təbəqələrində hədsiz sevinclə qarşılanır, dünya miqyaslı siyasət və dövlət xadiminin dövlətçilik ənənələrimizin bərpa edilməsi, dirçəldilməsi, yaşadılması sahəsində misilsiz xidmətlərinə, çağdaş tariximizdə tutduğu müstəsna mövqeyinə xalqımızın və dövlətimizin parlaq təcəssümü kimi qiymətləndirilir.