Şəkidə III ixtisas qrupu üzrə qəbul imtahanı üç mərkəzdə aparılıb
AzerTAg.az
Şəki, 6 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) iyulun 6-da Şəki şəhərində keçirdiyi ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı başa çatıb.
DİM Şəki regional bölməsinin müdiri Səbuhi Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, imtahanların keçirilməsi üçün Şəkidə 3 mərkəz ayrılıb. Qəbul imtahanları Şəki şəhər 8 nömrəli və Qoxmuq kənd tam orta məktəblərdə, həmçinin fizika-riyaziyyat və humanitar təmayüllü liseydə təşkil olunub. Ümumilikdə, 748 abituriyentin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 9 imtahan rəhbəri və 72 nəzarətçi-müəllim cəlb edilib. İmtahanların keçirilməsi üçün 60 zal ayrılıb.
İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. İmtahan saat 10:00-da başlanıb və 3 saat davam edib.
Regional bölmədən verilən məlumata görə, bütün imtahan mərkəzlərində III ixtisas qrupu üzrə qəbul imtahanı mövcud təlimata uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.

Xəbərin mətnində orfoqrafik səhv var