REGİONLAR
Şəkidə gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsinə xüsusi diqqət yetirilir
Şəki, 19 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanın müharibə vəziyyətində olması, torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsini zəruri edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Şəki Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən “Vətən mənə oğul desə nə dərdim?” mövzusunda onlayn konfransda danışılıb.
Konfransı idarənin rəisi Daşqın Mikayılov açaraq, yeniyetmə və gənclərə vətənpərvərlik ruhunun aşılanmasının ölkədə aparılan gənclər siyasətinin başlıca istiqamətlərindən birini təşkil etdiyini bildirib. Qeyd edilib ki, müharibə şəraitində olan ölkənin gənclərinin qəlbində vətən sevgisi hər şeydən üstün olmalıdır. “Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev daim çalışır ki, Qarabağ məsələsi sülh yolu ilə həll olunsun. Ancaq müharibə labüd olarsa, hər birimiz Vətən üçün canımızdan keçməyə hazır olmalıyıq və buna hazırıq”, - deyə idarə rəisi vurğulayıb.
Konfransda Şəki Şəhər İcra Hakimiyyəti aparatının məsul işçisi Anar Məmmədov, Təhsil Şöbəsinin metodisti Abdurahman Məmmədov, şəhər 11 saylı tam orta məktəbin tarix müəllimi Zaur Müslümov mövzu ilə bağlı çıxışlar ediblər. Bildirilib ki, gənclər harada yaşamalarından asılı olmayaraq Azərbaycanın tarixini, adət-ənənələrini dərindən bilməlidirlər. Onlar istər sosial şəbəkələrdə, istərsə də iştirak etdikləri beynəlxalq tədbirlərdə, konfranslarda Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə savadlı şəkildə, konkret faktlarla çatdırmağı bacarmalıdırlar. Vurğulanıb ki, Vətən sevgisi yeniyetmə və gənclərdə hələ erkən yaşlarından, məktəbəqədər təhsil müəssisələrindən, orta məktəblərdən aşılanmalıdır.
Çıxış edənlər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində torpaqlarımızın tezliklə düşməndən azad olunacağına əminliyini ifadə ediblər.