REGİONLAR


Şəkili Əməkdar müəllim: UNESKO-nun qərarı bütövlükdə Azərbaycan mədəniyyətinin uğuru və qələbəsidir

Şəki, 13 iyul, Mustafa Dadaşov, AZƏRTAC

“Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi çox mühüm və tarixi bir qərardır. Bu, təkcə Şəkinin deyil, bütövlükdə Azərbaycan mədəniyyətinin böyük uğuru və qələbəsidir.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şəki şəhər 5 nömrəli tam orta məktəbin direktoru, Əməkdar müəllim Filyar İbrahimova deyib.

Xalqımızın adət-ənənələrinin, mədəni irsinin qorunub saxlanması və dünyada tanıdılması istiqamətində indiyədək mühüm addımların atıldığını, böyük uğurların əldə olunduğunu bildirən məktəbin direktoru bu sahədə Prezident İlham Əliyevin, həmçinin Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın uzunmüddətli məqsədyönlü fəaliyyətlərini xüsusi vurğulayıb. Filyar İbrahimova deyib: “Mehriban xanımın yorulmaz fəaliyyətinin nəticəsidir ki, hazırda Azərbaycanın bir sıra maddi-və mənəvi mədəniyyət abidələri UNESKO tərəfindən bəşəriyyətin yüksək dəyərləri kimi qorunur. Bakı şəhərinin tarixi mərkəzi olan İçərişəhər memarlıq kompleksi, həmçinin Qobustan Dövlət Tarixi-Bədii Qoruğu da Ümumdünya İrs Siyahısına salınıb. Eyni zamanda, Azərbaycanın aşıq sənətinin, Novruz bayramının, tar ifaçılığı sənətinin, Azərbaycan xalçasının, çövkən oyununun UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi də məhz Birinci vitse-prezident Mehriban Əliyevanın gərgin zəhmətinin nəticəsidir”.

F.İbrahimova bildirib ki, Azərbaycanın dilbər guşələrindən olan Şəki özünəməxsus adət-ənənələri ilə seçilir. Xan Sarayı öz möhtəşəmliyi, gözəlliyi ilə nəinki Azərbaycanın, eyni zamanda, dünyanın təkrarolunmaz memarlıq incilərindəndir. Xan Sarayının Ümumdünya İrs Siyahısına daxil edilməsi abidənin artıq dünyanın mədəni irsində tanınmasının sübutu, əlamətidir. Bu qərarın, eyni zamanda, sarayın qorunması üçün də mühüm əhəmiyyəti var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.