İQTİSADİYYAT
Səkinə Babayeva: Qadınlar arasında sahibkarlığın inkişafı cəmiyyətin inkişafına bütövlükdə müsbət təsir edir

Bakı, 7 iyun, AZƏRTAC
Sahibkar yenilik və yaradıcılıq anlayışlarını özündə birləşdirən şəxsdir. Sahibkarlıq maliyyə, fiziki və sosial riskləri olan kifayət qədər səy və vaxt sərf edərək yeni dəyər yaratmaqdır. Bu fəaliyyət növündə qadınların aktivliyi artan dinamika ilə inkişaf edir. Qadınların iqtisadiyyatda rolunun artırılması həm də BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 17 hədəfindən biridir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva deyib.
O bildirib ki, son 20 ildə isə dünyada qadınların rolu və çəkisinin intensiv artdığı göz önündədir. Qadınların sahibkarlıq fəaliyyətini artırmaq, onların hüquqlarının qorunması və layiqli əməyin təmin olunması, müasir dövrün və əmək bazarının tələblərindən irəli gələn istiqamətlər üzrə maarifləndirici layihələrin həyata keçirilməsi Azərbaycanda bu sahədə atılan addımlardan sadəcə bir neçəsidir.
S.Babayeva qeyd edib ki, qadınların hüquqlarının qorunması onların iqtisadi müstəqilliyi ilə birbaşa bağlıdır. Bu səbəbdən qadın sahibkarlığının inkişafı böyük əhəmiyyət kəsb edir və olduqca aktual mövzudur. Qadınlar arasında sahibkarlığın inkişafı cəmiyyətin inkişafına bütövlükdə müsbət təsir edir: “Azərbaycanda qadın sahibkalığının inkişafı üçün hər cür şərait yaradılıb. Əlverişli hüquqi baza mövcuddur, dövlət tərəfindən sahibkarlıqla məşğul olanlara diqqətlə yanaşılır, onların iqtisadi potensiallarının artırılması, hüquqi, texniki və maliyyə yardımlarının göstərilməsi, güzəştli kreditlərin verilməsi istiqamətində mühüm işlər həyata keçirilir. Son iki ildə Azərbaycanda sahibkar qadınların sayı iki dəfə artıb.
Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,2 faizdir”.