İDMAN
Səmayə Məmmədova: Minskdə Azərbaycanın idman ölkəsi kimi tanındığının bir daha şahidi oldum
Minsk, 27 iyun, AZƏRTAC
Minskdə keçirilən ikinci Avropa Oyunlarında iştirak edən Azərbaycan idmançılarının qazandıqları nəticələri qənaətbəxş hesab etmək olar.
Bu fikri Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova AZƏRTAC-a açıqlamasında deyib.
Artıq idmanın dörd növü üzrə medalların qazanıldığını deyən S.Məmmədova qarşıdakı yarışlarda Azərbaycanın digər idman növlərində də medal şanslarının yüksək olduğunu xatırladıb: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idman sahəsində aparılan düşünülmüş siyasət öz bəhrəsini verir. İdmanın inkişafı Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir. İnanıram ki, ikinci Avropa Oyunlarında da idmançılarımız uğurlu nəticələri ilə Azərbaycan xalqını sevindirəcəklər”.
Minskə Azərbaycan idmançılarını dəstəkləməyə gələn həmvətənlərimizə xüsusi təşəkkürünü bildirən S.Məmmədova qeyd edib ki, hər bir idmançının uğurunun arxasında həm də azarkeş dəstəyi durur. Mətbuat katibi Minskdə apardığı müşahidələr zamanı Azərbaycanın idman ölkəsi kimi tanındığının bir daha şahidi olduğunu deyib: “Minskdə xarici qonaqlarla, idmançılarla, azarkeşlərlə etdiyim söhbətlər zamanı Azərbaycanla, dövlətimizlə bağlı müsbət fikirləri eşitmək olduqca xoşdur. Ölkəmizin xaricdəki imici deməyə əsas verir ki, Azərbaycan düzgün yoldadır və uğurlu siyasətini davam etdirir”.
Qeyd edək ki, Azərbaycan idmançıları ikinci Avropa Oyunlarında 1 qızıl, 4 gümüş və 9 bürünc qazanıblar.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk