REGİONLAR
Şəmkirin Dəllər qəsəbəsində su təchizatı sistemi istifadəyə verilib VİDEO
Şəmkir, 27 iyul, Famil Quliyev, AZƏRTAC
İyulun 27-də Şəmkir rayonunun Dəllər qəsəbəsində Yaponiya Hökumətinin maliyyə dəstəyi ilə “Şəmkir rayonunun Dəllər kəndində su təchizatı sisteminin tikintisi” layihəsinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori və Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Yaponiyanın dövlət himnləri səsləndirilib.
Teruyuki Katori çıxışında bildirib ki, layihə üzrə qrant müqaviləsi Yaponiya səfirliyi ilə “Gəncə Regional Qadın Mərkəzi” Qeyri-Hökumət Təşkilatı arasında bu il martın 6-da imzalanıb. Layihənin əsas məqsədi qəsəbədə su təchizatı sisteminin tikilməsi ilə yerli sakinlərin su ehtiyacını ödəməkdir. Bu layihədən 6920 sakin faydalanacaq. Layihənin ümumi məbləği 82,963 ABŞ dolları təşkil edir.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev diqqətə çatdırıb ki, bu, Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə Şəmkir rayonunda həyata keçirilən 5-ci layihədir. Əvvəlki layihələr çərçivəsində Ələsgərli, İrmaşlı və Sabirkənd kəndlərində tibb məntəqələri tikilərək istifadəyə verilib. Bundan əlavə, Dəllərcəyir kəndindən başqa, daha üç kənddə su təchizatı sistemi qurulub.
Layihə rəhbəri Məleykə Əlizadə isə qeyd edib ki, qəsəbəyə çəkilən su xəttinin uzunluğu 7 kilometrdir və yeni su xətti qəsəbə sakinlərinin içməli suya olan tələbatını yaxşılaşdıracaq.