SİYASƏT
Səngərdə Azərbaycan əsgərinin qarşısında tab gətirə bilməyən erməni terrorçuları dinc əhaliyə hücum edirlər
İstanbul, 11 oktyabr, AZƏRTAC
Son bir neçə gün ərzində tarixi ata-baba yurdlarının erməni işğalından azad edilməsi uğrunda mübarizə aparan Azərbaycan Ordusunun gücünə və qüdrətinə bütün dünya şahid oldu. Bu qüdrətli Ordunun qarşısında tab gətirə bilməyən ermənilər növbəti dəfə öz xain əməllərinə əl atdılar. Dünyanın ən ikiüzlü dövləti olan Ermənistan bir tərəfdən atəşkəs dilənərkən, digər tərəfdən heç kimlə işi olmayan, evində yatan uşağa, qadına, yaşlıya qarşı növbəti terror aktını Gəncədə törətdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Kocaeli Derince Azərbaycan Evi Dərnəyinin rəhbəri Volkan Aydemir deyib.
“11.10.2020”nin dünyada insan haqlarının, beynəlxalq hüququn ermənilər tərəfindən növbəti dəfə tapdandığı gün olaraq tarixə yazıldığını deyən V.Aydemir bildirib: “Gəncə Dağlıq Qarabağdan təxminən 100 kilometr uzaqlıqda yerləşir. Bu da o deməkdir ki, Gəncənin Qarabağla heç bir əlaqəsi yoxdur. Bir misal var - “Düşmənin də igidi olmalıdır”. Son Gəncə hadisəsi isə ermənilərin qorxaqlığının növbəti sübutudur. Səngərdə Azərbaycan əsgərinin qarşısında tab gətirə bilməyən erməni terrorçuları qadınlara, uşaqlara, yaşlı və xəstələrə hücum edir.
Başda Rusiya olmaqla atəşkəs danışıqları üçün bir çox dövlət rəhbərinə dəfələrlə zəng edib yalvaran, bunun nəticəsində əldə olunan humanitar atəşkəsin hökm sürdüyü bir dövrdə insanlığa sığmayan bu cinayəti törədən Ermənistanı və onun terrorçu rəhbərliyini şiddətlə qınayırıq. Hadisə zamanı həlak olan bacı və qardaşlarımıza Allahdan rəhmət, bütün türk dünyasına başsağlığı, xəsarət alanlara isə sağlamlıq diləyirəm”.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul