CƏMİYYƏT
Sentyabrın 1-dək balıqların sənaye məqsədilə ovlanması qadağandır
Bakı, 13 may, AZƏRTAC
“Niyə balıqçılar düşünmürlər ki, kürütökmə dövründə balığın ovlanması onun kökünün kəsilməsi deməkdir? Məgər bunun üçün hansısa elmi yanaşmaya ehtiyac var? Hamıya bəllidir ki, kürüsü olan balıq ovlanırsa, yüzlərlə körpə balıq məhv edilir. Nəticədə ildən-ilə balıq növlərinin sayı azalır. Bu da ölkənin balıq ehtiyatlarının məhvinə şərait yaradır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.
“İndi balıqların kürütökmə dövrü olduğu üçün sentyabrın 1-dək sənaye məqsədilə balıq ovu qadağan edilib. Lakin brakonyerlər tərəfindən yenə də qəddarcasına balıq ovlanması halları müşahidə olunur. Hamılıqla belə düşüncəsiz addım atan şəxslərin qarşısını almalıyıq. Anlamalıyıq ki, balıqların kortəbii ovlanması az bir vaxtda qarşısıalınmaz fəsadlara səbəb olacaq”, - deyə nazirliyin mətbuat xidmətinin rəhbəri bildirib.
İ.İbrahimova qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi icazəsiz balıq ovu ilə məşğul olan, qadağan olunmuş ov alətlərindən istifadə edən, nəzərdə tutulmayan yerlərdə balıq ovlayan brakonyerlərin qarşısını almaq üçün mütəmadi reydlər keçirir və saxlanılanların işi prosedura uyğun olaraq tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilir. Təkcə son 4 ay ərzində 42 iş hüquq mühafizə orqanlarına göndərilib.
O, həmçinin bildirib: “Bir-iki qurumun əməkdaşlarının dənizin və çayların bütün nöqtələrini qoruyub brakonyerləri aşkar etmələri fiziki olaraq mümkün deyil, bu işdə cəmiyyətin bütün təbəqələrinin sayıqlığı vacibdir. Bir məsələni də qeyd etmək istərdim ki, bəzi vətəndaşlar rastlaşdıqları brakonyerlərin görüntüsünü çəkərək yayırlar. Düzdür, bu da lazımdır, lakin bundan daha önəmlisi onları qınamaq, dərhal polisə və ya nazirliyə məlumat verməkdir. Məncə, bu cür yanaşma daha effektiv və faydalı olar.
Onu da deyim ki, balıq və digər su bioresurslarının sənaye məqsədilə ovlanması kürütökmə dövrü ilə əlaqədar Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli Qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən daxili su hövzələrində aprelin 1-dən, Xəzər dənizində isə mayın 1-dən sentyabrın 1-dək qadağandır.
Hər bir vətəndaşı balıq ehtiyatlarının qədrini bilməyə, faunamıza düşmən münasibət bəsləməməyə və gələcək nəsillər üçün onu qorumağa çağırırıq”.