SİYASƏT
Sergey Dubovik: Biz Azərbaycanda referendumun gedişini izləməkdən şadıq
Bakı, 26 sentyabr, AZƏRTAC
Biz, Ukrayna MSK-nın əməkdaşları azərbaycanlı həmkarlarımız tərəfindən işin yüksək səviyyədə təşkil olunmasını müşahidə etdik. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası, yerli hakimiyyət orqanları bu referendumun təşkili və keçirilməsi ilə bağlı çox böyük iş görüblər. Hər şey mütəşəkkil qaydadadır. Biz heç bir pozuntu görməmişik. Azərbaycan Respublikası seçki qanunvericiliyinin əsas standartlarına və prinsiplərinə riayət edilir. Seçki məntəqələrinin ətrafında yaxşı ab-hava duyulur. İnsanlar xoş əhvaldadır. Bu gün burada olmağımıza çox şadıq. Həmkarlarımıza uğurlar arzulayırıq.
Bu fikirləri sentyabrın 26-da AZƏRTAC-a müsahibəsində Ukrayna Mərkəzi Seçki Komissiyasının əməkdaşı Sergey Dubovik söyləyib.
Ukraynalı müşahidəçi deyib: Saat 12-dək 8-10 məntəqədə olmuşuq. İndi Bakının mərkəzi hissəsindəyik. Lakin ucqarlarda, Bakətrafı yaşayış məntəqələrində də olmuşuq. Hər yerdə eyni dərəcədə yaxşı vəziyyət olduğunu gördük. Məntəqə seçki komissiyalarının üzvləri yaxşı hazırlıq keçiblər. Seçicilərə qaydaları vaxtında izah ediblər. Seçicilər seçki bülletenlərinin məzmunu və referenduma çıxarılan dəyişikliklərin mahiyyəti barədə yaxşı məlumatlandırılıb.
-Azərbaycanda səsvermə prosesini ilk dəfə izləyirsiniz?
-Xeyr. Sizin ölkədə parlament seçkilərinin müşahidəsində də iştirak etmişik, Azərbaycan qanunvericiliyini öyrənmişik. Buna görə də vəziyyəti yaxşı bilirik. Bu axşam Azərbaycan MSK-da olmağı planlaşdırırıq. Zənnimcə yekun mətbuat konfransı olacaq. Biz müşahidələrimizin yekun nəticələrini orada açıqlayacağıq.