ELM VƏ TƏHSİL


Şərq xalqlarının I Bakı qurultayının100 illiyinə həsr olunan konfransa tezis qəbulu davam edir

Bakı, 11 iyul, AZƏRTAC

2020-ci il sentyabrın 1-də Şərq xalqlarının I Bakı qurultayının keçirilməsinin 100 illiyi tamam olacaq. 1920-ci il sentyabrın 1-dən 7-dək Bakıda Yaxın və Orta Şərqdə imperializmdən qurtuluş mübarizəsi aparan müsəlman xalqlarının I qurultayı keçirilib. Qurultay Şərq xalqlarının milli-azadlıq hərəkatının yüksəlişi istiqamətində atılmış mühüm addım idi. İdeya və təşkilatçılığın dövrün Azərbaycan ictimai-siyasi elitası tərəfindən irəli sürülməsi respublikamızın bu prosesdə oynadığı əhəmiyyətli rolun göstəricisi idi. Yubileylə əlaqədar olaraq, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai və Humanitar Elmlər bölmələrinin və akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə “Şərq xalqlarının I qurultayı – Bakı, 1920. Şərq dünyası 100 il əvvəl və bu gün” mövzusunda elmi konfrans keçiriləcək.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransda iştirak üçün tezisləri iyulun 15-dək təqdim etmək lazımdır.

Konfransa “Şərq xalqlarının Bakı qurultayı Sovet Rusiyası və Kommunist İnternasionalının Şərq siyasətinin tərkib hissəsi və göstəricisi kimi”, “1914-1920-ci illər Şərq ölkələrində gedən inqilabi proseslər Kominternin Şərq siyasətini şərtləndirən amil kimi”, “Şərq xalqlarının I qurultayı. Sovet Rusiyası və Kominternin Şərq siyasətində Azərbaycanın yeri”, “Azərbaycan SSR Şərq xalqlarının inqilabi mübarizəsi üçün ilk müsəlman sosialist respublikası nümunəsi kimi”, “Şərq xalqlarının I qurultayı Azərbaycan və Türküstanın milli qüvvələrinin gözü ilə”, “Azərbaycanın Sovet-kommunist rəhbərliyinin Şərq xalqlarının Bakı qurultayında təmsilçiliyi”, “Nəriman Nərimanov və Şərq xalqlarının I qurultayı” mövzularında tezislər qəbul olunur.

İştirakçılar konfransa, həmçinin Şərq xalqlarının I qurultayı və Qafqaz (Şimali və Cənubi) respublikaları, Rusiyanın müsəlman xalqları, Türküstan (Orta Asiya respublikaları), İran, Türkiyə, Ərəb dünyası, Çin, Koreya, Hindistan, Uzaq Şərq ölkələri, İslam məsələləri, Şərqin müsəlman xalqlarına təklif edilən ideologiyalar, qurultayın perspektivləri və nəticələri mövzularında tezislər təqdim edə bilərlər.

Konfransa “Şərq dünyası I və II Dünya müharibələrindən sonra. Yeni yol axtarışında”, “SSRİ-nin dağılmasının dünya kommunist və sol hərəkatlara təsiri (Şərq ölkələri kontekstində)”, “Beynəlxalq kommunist və sol hərəkatların müasir durumu. Şərqin solyönümlü inqilabi təşkilatları”, “XX əsrin sonu-XXI əsrin əvvəllərində Şərq ölkələrində ideoloji və siyasi proseslər”, “Ərəb ölkələri və narıncı inqilablar”, “Müasir dövrdə İslam və islami siyasi təfəkkür”, “Şərq ölkələrinin beynəlxalq təşkilatlarda təmsilçiliyi”, “İslam Əməkdaşlığı Təşkilatı və müasir Şərqin aktual problemləri”, “İslam ölkələri mühitində siyasi liderlik rəqabəti” mövzularında tezislər qəbul olunur.

Eyni zamanda, iştirakçılar müsəlman Şərqində dövlətçilik modeli və keçmiş SSRİ-nin müstəqilliyini bərpa etmiş respublikaları, Türkiyə Cümhuriyyəti, İran və Rusiya Federasiyası tərkibində müsəlman respublikaları mövzularına müraciət edə bilərlər.

Tezisin mətni 1 səhifədən artıq olmamalıdır. Tezislər [email protected] elektron ünvanına göndərilməlidir.

Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlərin edilməsi və tezislərin geri qaytarılması hüququna malikdir.

Konfransın keçirilməsinin dəqiq tarixi xüsusi karantin rejimindən asılı olaraq müəyyən ediləcək və bu barədə əlavə məlumat veriləcək.

Ünvan: Bakı şəhəri, H.Cavid prospekti, 117, AMEA-nın Əsas binası, VII mərtəbə, akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, 715-ci otaq

Telefon: (+994 50) 586 13 36

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.