CƏMİYYƏT
“Şərqin ilk Demokratik Respublikası: Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda onlayn tədbir
Bakı, 29 may, AZƏRTAC
Ombudsmanın Gəncə Regional Mərkəzi, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncə Gənclər Evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 28 May - Respublika Gününə həsr olunmuş “Şərqin ilk Demokratik Respublikası: Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda onlayn tədbir keçirilib.
Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçılarını Respublika Günü münasibətilə təbrik edən Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov 18 iyun - Milli İnsan Hüquqları günü ərəfəsində Müvəkkil Səbinə Əliyevanın təşəbbüsü ilə elan olunan və 18 may - 18 iyun tarixlərini əhatə edən “İnsan hüquqları aylığı” çərçivəsində aidiyyəti dövlət və qeyri-dövlət qurumları tərəfindən ölkənin bütün şəhər və rayonlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər keçirildiyini qeyd edib. O, bəhs olunan onlayn tədbirin də “İnsan hüquqları aylığı” çərçivəsində keçirildiyini bildirib.
Vurğulanıb ki, Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli dövlətçilik tariximizin şanlı səhifələrindən biri, xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi kimi böyük əhəmiyyətə malikdir. Azərbaycan dövləti Cümhuriyyət tarixinə və dəyərlərinə böyük ehtiramla yanaşır, onun rəhbərlərinin xatirəsini əziz tutur. Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə atılmış addımlar, qəbul edilmiş qərarlar, imzalanmış sərəncamlar da bunun bariz nümunəsidir.
Tədbirdə çıxış edən Gəncə Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Amil Qurbanov, Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Rəşad Əlizadə Cümhuriyyətin yaranmasının əhəmiyyətinə, həmin dövrün tarixinə nəzər salıblar.
Həmçinin son dövrlərdə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, cəza siyasətinin humanistləşdirilməsi, hüquq müdafiə mexanizmlərinin fəaliyyətinin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının daha səmərəli təmininə yönəlmiş institusional islahatlar nəticəsində əldə edilmiş nailiyyətlər diqqətə çatdırılıb, Ombudsman tərəfindən elan olunmuş “İnsan hüquqları aylığı” çərçivəsində keçirilən hüquqi maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb.
Tədbirdə iştirak edən gənclər mövzu ilə bağlı fikirlərini ifadə ediblər.