CƏMİYYƏT
Sərtləşdirilmiş xüsusi karantin rejimi günlərində SMS icazə almadan yaşadıqları ünvanı tərk edənlər məsuliyyətə cəlb olunacaqlar
Bakı, 20 iyun, AZƏRTAC
Sərtləşdirilmiş xüsusi karantin rejimi günlərində SMS icazəsi almadan yaşadıqları yeri tərk edən şəxslər məsuliyyətə cəlb olunacaqlar.
AZƏRTAC xəbər verir ki, bunu iyunun 20-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.
Kamran Əliyev qeyd edib ki, SMS icazə sistemindən sui-istifadə etmək yolverilməzdir. SMS icazəsini evi tərk etməzdən əvvəl almaq lazımdır. Vətəndaş evdən çıxdıqdan sonra yolda polis naryadını gördüyü anda SMS göndərməməlidir. Əks halda həmin şəxs inzibati məsuliyyətə cəlb olunacaq. Çünki postlarda polisə SMS icazəni təqdim edə bilməyən şəxslər karantin rejimi qaydalarını pozmuş hesab ediləcək. Zərurət olmadan evi tərk etmək olmaz.