İDMAN
Serxio Peres: “Force India” Bakıda həmişə rəqabətqabiliyyətli olub
Bakı, 25 aprel, AZƏRTAC
“Force India”nın meksikalı pilotu Serxio Peres qarşıdakı F 1 Azərbaycan Qran-Prisi haqqında danışıb.
AZƏRTAC xəbər verir ki, Peres Bakı trasının özünəməxsusluğundan danışıb, 2016-cı il yarışları barədə xatirələrini bölüşüb. Pilot deyib: “Bakıda biz həmişə rəqabətqabiliyyətli olmuşuq və bu mövsüm mən yenidən orada xallar toplamaq istəyirəm”.
S.Peres əlavə edib ki, 2018-ci ilin ilk yarışları onun üçün çox da sabit olmayıb. Pilot deyib: “Xüsusilə Bəhreyndə mənimki gətirmədi, amma yarışların özəlliyi də budur. Çin Qran-Prisində isə tam məyus oldum, belə ki, mən elə ilk dairədə hər şeyi itirdim və xal toplamaq üçün şansım qalmadı. “Force India”nın tempi rəqabətqabiliyyətli idi, Şanxaya doğru biz tərəqqiyə nail olduq, lakin yarış günü bolid sadəcə olaraq işləmədi”.
Sonda meksikalı pilot vurğulayıb: “Avstraliyada nail olduğumuz irəliləyiş nəzərəçarpacaq idi və indi mən maşının balansından razıyam. Biz itirdiklərimizi qaytarırıq və əvvəlki mövqelərimizə aparan yoldayıq. Düşünürəm ki, Bakıda maraqlı yarışlar olacaq, axı Azərbaycandakı tras maksimal sürət və tormozlamada effektivlik deməkdir. Mən küçə traslarının çağırışlarını sevirəm və Bakıdakı yarışlardan həqiqi zövq alıram”.