ELM VƏ TƏHSİL
Seyfəddin Mənsimoğlunun xətlə təsvirin vəhdətində yaratdığı sənət möcüzəsi
Bakı, 13 iyul, AZƏRTAC
İnsanın özünü kəşf etməsi onun həyat və yaradıcılıq uğurunun əsl mahiyyətini təşkil edir. Yaradıcı şəxs hər hansı bir sahədə bütün ömrünü qoya bilər. Lakin o, həmin sahə üçün doğulmayıbsa, hansısa müvəffəqiyyətdən, sənət zəfərindən danışmaq mümkün deyil.
Seyfəddin Mənsimoğlu öz həyat kredosunu nə 1955-1960-cı illərdə təhsil aldığı Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, nə də 1970-1975-ci illərdə oxuduğu Azərbaycan Dövlət İncəsənət İnstitutunda tapa bilib. Alın yazısı S.Mənsimoğlunu 1964-cü ildə Respublika Əlyazmalar Fonduna gətirəndə də güman etməyib ki, onun sənət yüksəlişi buradan başlayacaq. Amma çox keçmədən bu yolu ona taleyin qismət etdiyini başa düşüb və xətlə təsvirin vəhdətindən yaratdığı sənət möcüzəsi onu bütün respublikada məşhurlaşdırıb. O vaxtdan düz 53 il keçib. Haqqında neçə-neçə televiziya verilişləri çəkilib, əsərləri bir çox ölkələrin sərgi salonlarında nümayiş etdirilib, yaradıcılığı barədə məqalələr, kitablar yazılıb və hələ çox əsərlər də yazılacaq.
Bu günlərdə “Şərq–Qərb” nəşriyyatı Seyfəddin Mənsimoğlunun “Xəttin sənət möcüzəsi” kitabını çox nəfis şəkildə çap edib.
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildiriblər ki, kitabın elmi redaktoru akademik İsa Həbibbəylidir. Nəşrə sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev “Ön söz” yazıb.
“Xəttin sənət möcüzəsi”ndə S.Mənsimoğlunun ağac üzərində oyma işlərinin böyük əksəriyyəti əhatə olunub. Kitabın müsbət məziyyətlərindən biri təqdim olunan işlərin məzmununun üç dildə - Azərbaycan, ingilis və ərəb dillərində verilməsidir.