REGİONLAR
Seyfəddin Talıbov: 2014-cü ildə ölkə üzrə cəmi 1489 hektarda təkrar əkin aparılmışdısa, keçən il bu rəqəm 39 min hektarı ötüb
Saatlı, 12 iyun, Mahir Babayev, AZƏRTAC
İyunun 12-də Saatlıdakı Gənclər Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçirilən regional müşavirədə “Təkrar əkinlərin əhəmiyyəti və tətbiqi” mövzusunda müzakirələr aparılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin, Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçilik şöbəsinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Aqrar Elm, İnformasiya və Məsləhət Mərkəzinin əməkdaşları, fermerlər, ərazi icra nümayəndələri və bələdiyyələrin sədrləri iştirak ediblər.
Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov müşavirədə çıxış edərək qeyd edib ki, dövlət tərəfindən kənd təsərrüfatı istehsalçılarına göstərilən çoxşaxəli texniki və maliyyə dəstəyinin səmərəliliyinin artırılması, istehsalın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, mütərəqqi metodların və yeni əkinçilik üsullarının tətbiqi, ərzaq təhlükəsizliyinin etibarlı təmin edilməsinə nail olunması, ümumilikdə ölkədə həyata keçirilən aqrar siyasətlə bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir. Nazir müavini bildirib ki, Azərbaycan Respublikası Prezidentinin “Bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2015-ci il 15 aprel tarixli Sərəncamına əsasən istehsalçılara əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə verilən yardımlar, habelə “Aqrolizinq” ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən mineral gübrələrin güzəştlə satılmasına görə ayrılan subsidiyalar təkrar (aralıq) əkinlərə də şamil edilib və dəstək tədbirlərinin tətbiqi nəticəsində təkrar əkin sahələri 2014-cü ildə 1489 hektardan olduğu halda, 2017-ci ildə artaraq 39652 hektara çatıb.
Seyfəddin Talıbov təkrar əkinlərin kənd təsərrüfatının inkişafına əlavə təkan verəcəyini və bu texnologiyanın geniş tətbiqi üzrə yerlərdə texniki, təşkilati və digər tədbirlərin həyata keçiriləcəyini vurğulayıb.
Tədbirdə çıxış edən Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov rayonda son dövrdə aqrar sahənin inkişafı ilə bağlı, həmçinin təkrar əkinlərin aparılması istiqamətində görülmüş işlər barədə məlumat verib, aralıq əkinlərin heyvandarlığın yem bazasının təminatında əhəmiyyətini diqqətə çatdırıb.
Müşavirədə, həmçinin Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov “Taxıl məhsulunun itkisiz yığımı və təkrar əkinlərin əhəmiyyəti”, KTN Aparatının Dövlət dəstəyi şöbəsinin müdiri Baxış Əhmədov “Təkrar əkinlərə subsidiyaların verilməsi mexanizmi”, nazirlik yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov “Taxıl toxumçuluğu sahələrində aqrotexniki qulluq işlərinin təşkili” mövzularında çıxış ediblər.
Sonda müşavirə iştirakçıları tərəfindən müzakirələr və qarşılıqlı fikir mübadiləsi aparılıb, fermerlərə müvafiq tövsiyələr verilib, məhsul istehsalçılarının təklifləri dinlənilib.
Müşavirə başa çatdıqdan sonra tədbir iştirakçıları rayonun Qaracalar kəndində məhsulu yığılmış arpa sahəsinin yerində aparılan təkrar qarğıdalı səpini ilə tanış olublar.