CƏMİYYƏT
Şeyxülislam Allahşükür Paşazadə İspaniyada beynəlxalq konfransda iştirak edəcək
Bakı, 1 noyabr, AZƏRTAC
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 3-də İspaniya Krallığına səfərə yola düşür.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfərdə məqsəd Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, İspaniyanın Ədliyyə Nazirliyi və Evsen Fondunun birgə təşkilatçılığı ilə “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etməkdir.
Konfransda Azərbaycanı hökumət üzvləri, parlament deputatları, tanınmış elm və din xadimləri, habelə Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Dağ yəhudiləri icmasının başçısı Milix Yevdayev və Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete təmsil edəcəklər.
İspaniya Krallığı Ədliyyə Nazirliyinin təşkilati dəstəyi ilə baş tutan bu beynəlxalq tədbirdə İspaniyanın yüksək səviyyəli dövlət, hökumət nümayəndələri və din xadimləri, o cümlədən Madrid Arxiyepiskopu Karlos Siyerra iştirak edəcək.
İki gün davam edəcək konfransda 40-dək çıxış və məruzə dinləniləcək.
Ümumilikdə 1000-ə yaxın nümayəndənin iştirak edəcəyi konfrans yekun sənədin qəbulu ilə başa çatacaq.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin İspaniya hökumətinin üzvləri, ölkənin tanınmış ictimai-siyasi xadimləri ilə görüşləri də nəzərdə tutulur.