REGİONLAR
Səyyar “ASAN xidmət” Lənkəranda
Lənkəran, 14 sentyabr, Bağır Əliyev, AZƏRTAC
“ASAN xidmət”in səyyar avtobusu sentyabrın 3-dən Lənkəran şəhərində cənub bölgəsinin sakinlərinə xidmət göstərir. Bölgə vətəndaşları oktyabrın 2-dək bu xidmətdən yararlana bilərlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaş məmnunluğuna nail olunmasıdır.
Əhaliyə səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.
Vətəndaşlara, həmçinin “ASAN xidmət” çərçivəsində funkisional yardımçı foto, tibb və bank xidmətləri də göstərilir.
Artıq onuncu dəfədir Lənkəranda olan səyyar “ASAN xidmət”in imkanlarından indiyədək cənub bölgəsinin 130 min vətəndaşı yararlanıb.